...

Milli Məclisdə təmsil olunan siyasi partiyalar Rusiya Dövlət Dumasının sədrinə etiraz məktubu ünvanlayıblar

Siyasət Materials 27 May 2010 17:26 (UTC +04:00)
Milli Məclisdə təmsil olunan siyasi partiyalar Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri"ndə Rusiyanın Dövlət Dumasının bir qrup deputatının "müşahidə" missiyasını həyata keçirməsinə etiraz əlaməti olaraq dumanın sədri Boris Qrızlova məktub ünvanlayıblar.
Milli Məclisdə təmsil olunan siyasi partiyalar Rusiya Dövlət Dumasının sədrinə etiraz məktubu ünvanlayıblar

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə təmsil olunan siyasi partiyalar Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri"ndə Rusiyanın Dövlət Dumasının bir qrup deputatının "müşahidə" missiyasını həyata keçirməsinə etiraz əlaməti olaraq dumanın sədri Boris Qrızlova məktub ünvanlayıblar. Trend-in məlumatına görə, bu barədə partiya nümayəndələri hakim Yeni Azərbaycan Partiyasının internet-saytına bildiriblər.

"Sübut etməyə ehtiyac yoxdur ki, işğal olunmuş bir ərazidə heç kim tərəfindən tanınmayan separatçı qurumun seçki keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə daban-dabana zidd olub, legitim sayıla bilməz", - məktubda bildirilir.

Boris Qrızlova ünvanlanan etiraz məktubunda vurğulanır ki, erməni tərəfinin bütün cəhdlərinə baxmayaraq, dünya birliyi - BMT, ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa Şurası, Avropa İttifaqı və bir çox dövlətlər separatçıların Dağlıq Qarabağda keçirdikləri qondarma "seçkilər"i tanımadıqları barədə bəyanatlar veriblər.

"Lakin təəssüflər olsun ki, Rusiya Dövlət Dumasının deputatları İqor Çerniçenko, Çerkasov Kiril, Volojinskaya Tatyana, Mişenko Maksim, Konstantin Zatulin, eyni zamanda, Rusiya Dövlət Duması yanında tələbə parlamentinin üzvü Qalina Ratnikova, Rusiya vətəndaşı Viktor Şeynis və Rusiya Federasiyası Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev müşahidə missiyası adı ilə ölkəmizə qanunsuz daxil olaraq, Dağlıq Qarabağdakı qondarma "parlament seçkiləri"ni "müşahidə etməklə" əslində separatçıların qeyri-qanuni əməllərinin iştirakçıları olublar", - məktubda deyilir.

Belə bir etiraz məktubu Çexiya, Almaniya, ABŞ, İran, Argentina, Slovakiya və Fransa parlamentlərinin rəhbərlərinə də göndərilib.

Xəbər lenti

Xəbər lenti