...

Azərbaycan Parlamentində qadın millət vəkillərinin sayının 2-3 dəfə artırılmasına ehtiyac var - ekspert

Siyasət Materials 30 İyul 2010 13:31 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə cümə günü "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin "Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrübənin tətbiqi" layihəsinin təqdimatında Demokratik Seçkilərə İctimai Dəstək Cəmiyyətinin sədri Çingiz Dadaşov bildirib.
Azərbaycan Parlamentində qadın millət vəkillərinin sayının 2-3 dəfə artırılmasına ehtiyac var - ekspert

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentində qadın millət vəkillərinin sayının 2-3 dəfə artırılmasına ehtiyac var.

Trend-in məlumatına görə, bu barədə cümə günü "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin "Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrübənin tətbiqi" layihəsinin təqdimatında Demokratik Seçkilərə İctimai Dəstək Cəmiyyətinin sədri Çingiz Dadaşov bildirib.

"Hazırda Milli Məclisdə təmsil olunan xanım millət vəkilləri kişi həmkarlarından daha aktiv və fəaldırlar. Xanımların bu gücündən və bacarığından faydalanmaq lazımdır", - Dadaşov vurğulayıb.

"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində ABŞ və Bolqarıstan qadınlarının seçkilərə cəlb edilməsi sahəsində fəaliyyət göstərən ictimai təşkilatların təmsilçiləri və ABŞ-ın müstəqil ekspertinin iştirakı ilə avqustun 24-25-də Gəncədə beynəlxalq konfrans keçiriləcək.

Gəncə regionunda qadınların seçkilərdə iştirakı ilə bağlı araşdırmaların aparılması da layihədə nəzərdə tutulub.

Yaqubovanın sözlərinə görə, rəhbərlik etdiyi təşkilat bu ilin may ayında bu regionda qadınların seçkilərdə iştirakı ilə bağlı monitorinq keçirib və monitorinqin nəticələri konfransda elan olunacaq.

Təşkilat sədri bildirib ki, Parlament seçkilərində namizədliyini irəli sürmək niyyətində olan xanımlara da layihə çərçivəsində lazım olan hüquqi yardım və dəstək göstəriləcək.

Layihədə "ELS"in tərəfdaşı ABŞ-ın "Qadın Seçicilər Liqası"dır.

Layihənin məqsədi qadınların ictimai və siyasi həyatda irəli çəkilmələri, regionlarda Parlament seçkiləri ərəfəsində vətəndaşların seçki hüquqları, qadınların qərar qəbuletmə prosesində iştirakı və digər məsələlərin gündəmə gətirilməsidir.

Qadınların seçki fəallığının ilbəil artdığını vurğulayan tədbir iştirakçıları bildirib ki, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində 3,4 faiz qadın seçilmişdirsə, ötənilki bələdiyyə seçkilərində bu göstərici 26,1 faiz təşkil edib. Seçilən qadın bələdiyyə üzvlərindən 406 nəfəri bələdiyyə sədri seçilib.

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi 5 ildir fəaliyyət göstərir. Seçkilərin monitorinqi ilə məşğul olur.

Təşkilat indiyədək seçkilər zamanı 5 "exit-poll" keçirib.

Xəbər lenti

Xəbər lenti