...

Azərbaycan Prezidenti Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib

Siyasət Materials 5 Oktyabr 2010 15:39 (UTC +04:00)
Oktyabrın 5-də Prezident İlham Əliyev Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib

Oktyabrın 5-də Prezident İlham Əliyev Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, 594 şagird yeri olan 2 nömrəli Sədərək orta məktəbinin binası yeni inşa edilmişdir. Dördmərtəbəli binanın tikintisinə bu ilin mayında başlanılmışdır. Burada 33 sinif otağı vardır. Fənn kabinetləri, o cümlədən hərbi hazırlıq otağı və idman zalı zəruri əyani vəsaitlərlə təmin olunmuşdur. Burada həm də şagirdlərin ixtiyarına iki elektron lövhəli sinif otağı da verilmişdir. Məktəbdə internetə çıxışı olan 31 kompyuter vardır. Kitabxanada 10 min nüsxəyə yaxın ədəbiyyat mühafizə edilir.
Qeyd edildi ki, muxtar respublikanın bütün məktəbləri kompyuterlərlə təmin olunmuşdur. Məktəblərə 2 min 674 kompyuter verilmişdir.

Prezident İlham Əliyev məktəbin kollektivini təbrik edərək deyib.

"Bu gözəl fürsətdən istifadə edərək, Azərbaycanın bütün müəllimlərini bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Müəllimlər, doğrudan da çox böyük missiyanı yerinə yetirirlər. Gələcək nəslin tərbiyə edilməsi, bilikli, savadlı olması üçün müəllimlər gecə-gündüz çalışırlar. Mən müəllimlərin əməyini çox yüksək qiymətləndirirəm. Hər bir ölkənin inkişafı üçün müəllimlərin fəaliyyəti başlıca rol oynayır. Çünki ölkə təbii sərvətlərlə zəngin ola bilər, ölkənin digər imkanları, yəni maliyyə imkanları geniş ola bilər. Amma əgər peşəkar kadrlar yoxdursa, intellektual potensial yüksək səviyyədə deyilsə, o ölkələr həmin imkanlardan heç vaxt səmərəli şəkildə istifadə edə bilməyəcəklər. Ona görə biz təbii resurslarımızı insan kapitalına çeviririk.
Bizim siyasətimizin əsas istiqaməti bundan ibarətdir ki, Azərbaycanda insan kapitalına qoyulan sərmayə gündən-günə artsın. Bu yeni orta məktəblərin, ali məktəblərin yaradılması bir məqsədi güdür ki, Azərbaycanda təhsilin səviyyəsi bizi qane edən səviyyəyə qalxsın. Bunu etmək üçün əlbəttə ki, məktəb tikintisi də, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, artırılması da lazımdır. Biz bu məsələlərə iki tərəfdən yanaşırıq. Bu məktəbin tikilməsi özlüyündə gözəl və əlamətdar bir hadisədir. Bu gün mən Naxçıvanda artıq üçüncü məktəbin açılışında iştirak edirəm. İki məktəb Şərur rayonunda, bir məktəb Sədərək rayonunda açılmışdır. Bütün məktəblər gözəl, yaraşıqlı, işıqlı, geniş və ən müasir avadanlıqla təchiz edilmiş məktəblərdir. Burada şagirdlər və müəllimlər üçün bütün şərait yaradılıbdır" İlham Əliyev bildirb

Prezidentin sözlərinə görə, eyni zamanda, təhsilin keyfiyyətinin artırılması məsələləri bu gün diqqət mərkəzindədir.

"Biz bu məsələyə çox ciddi yanaşırıq və ümid edirəm ki, yaxın zamanlarda istədiyimizə nail ola biləcəyik. Bununla bərabər, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin, uşaq bağçalarının tikintisi, peşə məktəblərinin yaradılması sürətlə gedir. Bu məqsədlər üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan əlavə vəsait ayrıldı. Halbuki, Azərbaycanda təhsilə ayrılan vəsait büdcə xərclərində ikinci yeri tutur. Birinci yerdə təbii ki, müdafiə, yəni hərbi xərclərdir, ikinci yerdə təhsilə ayrılan xərclərdir. Bu, onu göstərir ki, Azərbaycan dövlətinin siyasəti nədən ibarətdir" dövlət başçısı çıxışında söyləyib.

İlham Əliyev bildirib ki, Azərbaycan güclü dövlət qurur, bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur.

"Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan bu böyük zirvələri fəth etməyə nail olub. Azərbaycanda dövlət quruculuğu məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində başlanmışdır və bu gün Azərbaycan qüdrətli dövlətdir. Biz müasir dövlət qururuq. O dövlət ki, burada bütün insanlar azad, sərbəst, firavan yaşasınlar. Azərbaycanda bütün demokratik azadlıqlar mövcuddur. Azərbaycanda stabillik, ictimai-siyasi asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Əgər statistikaya baxsaq görərik ki, ən az cinayətlər olan yer elə Azərbaycandır. Nəyə görə?! Çünki burada ictimai-siyasi vəziyyət müsbətdir, ab-hava gözəldir. Ölkəmizin hər bir yerində quruculuq, inkişaf prosesləri sürətlə gedir.
Bu gün Sədərək rayonunda gözəl mərkəzi xəstəxananın açılışında iştirak etdim, indi məktəbin açılışında iştirak edirəm. Bu, vacib sosial obyektlərdir, insanlara xidmət edəcəkdir. Biz elə etməliyik ki, hər bir bölgədə bu gözəl təşəbbüslər özünü göstərsin və reallığa çevrilsin. Xüsusilə, Sədərək rayonunda. Çünki siz düşmənlə üz-üzəsiniz. Siz lap sərhəddə yerləşirsiniz. Sədərəklilər, bütün naxçıvanlılar Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuşlar, qan tökmüşlə. Biz o illəri yaxşı xatırlayırıq və Azərbaycan torpaqları işğal altına düşəndən sonra erməni qəsbkarları, erməni millətçiləri gözlərini Naxçıvana da dikmişdilər, Naxçıvanı da işğal etməyə çalışırdılar. O vaxt ancaq naxçıvanlıların iradəsi və ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində naxçıvanlılar Naxçıvanı qorudular. Düşmənə imkan vermədilər ki, buraya soxulsunlar, düşməni yerinə oturtdular" Prezident bildirb.

Dövlət başçısı vurğulayıb ki, bu gün atəşkəs rejimi şəraitindədir.

"Hələ müharibə başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Müharibə o vaxt başa çatacaq ki, sülh müqaviləsi bağlanacaq. Sülh müqaviləsi o vaxt bağlana bilər ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları qayıtsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycan xalqı əsrlər boyu Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bütün tarixi adlar, toponimlər Azərbaycan xalqının adı ilə bağlıdır. Yəni bu bizim torpağımızdır. Bu ədalətsizlik 20 ilə yaxındır ki, davam edir. Ancaq bu, uzun illər bundan sonra davam edə bilməz.
Azərbaycan bu gün istənilən məsələni istənilən yolla həll etməyə qadirdir. Doxsanıncı illərin əvvəllərində bizdə nə ordu, nə rəhbərlik var idi. Satqınlıq göstərilmişdir. Əgər 1993-cü ildə Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlməsəydi, biz daha da böyük bəlalara düçar olardıq. Azərbaycan, ümumiyyətlə parçalanırdı və müstəqilliyimizi itirə bilərdik.
Bu gün Azərbaycan qüdrətli dövlətdir və Ermənistanla müqayisəolunmaz səviyyədədir. Təkcə onu demək kifayətdir ki, iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 7-8 dəfə böyükdür. Hərbi məsələlərə ayrılan xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Bu müsbət meyillər davam edəcəkdir. İqtisadi inkişaf, siyasi məsələlərin həlli, beynəlxalq hüquq normaları - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Demoqrafik məsələləri götürək. Bu gün Azərbaycanın əhalisi 9 milyondur. Getdikcə sayımız artacaqdır. Elə etməliyik ki, sayımız artsın. Bir neçə ildən sonra əhalimizin sayı 10 milyon olacaqdır.
Yəni təbii proseslər onu göstərir və mən buna şübhə etmirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək, işğal edilmiş torpaqları azad edəcəkdir. Bu gün işğal altındakı bütün torpaqlarda Azərbaycanın suveren hüquqları bərpa olunacaqdır. O günü biz hamımız hər an öz işimizlə yaxınlaşdırmalıyıq. Azərbaycanın uğurlu inkişafı bizdən asılıdır. Bu gün bu məktəbin və Naxçıvanda digər vacib sosial obyektlərin açılması bizim gücümüzü bir daha göstərir.
Bu gözəl hadisə münasibətilə mən sizə öz ürək sözlərimi demək istədim. Bir də demək istəyirəm ki, bu əlamətdar gündə bütün Azərbaycan müəllimlərini bayram münasibətilə təbrik edirəm. Sizi bir daha bu gözəl məktəbin açılışı münasibətilə təbrik edirəm" İlham Əliyev çıxışının sonunda deyib.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti