...

Politoloq: Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi beynəlxalq aləmdə tərəfdarların sayını artıracaq

Siyasət Materials 21 Sentyabr 2011 15:57 (UTC +04:00)
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi beynəlxalq aləmdə tərəfdarlarımızın sayını artıracaq.
Politoloq: Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi beynəlxalq aləmdə tərəfdarların sayını artıracaq

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi beynəlxalq aləmdə tərəfdarlarımızın sayını artıracaq. Bunu çərşənbə günü Trend-ə politoloq Eldar Namazov Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə namizədliyini irəli sürməsini şərh edərkən deyib.

"Ölkələr BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə müəyyən regional qruplar arasında kvota ilə seçilirlər. Hər hansı ölkənin bu statusu əldə etməsi onun beynəlxalq münasibətlər sistemində hansısa iri bir regional qrupun daxilində kifayət qədər böyük nüfuza malik olduğunu göstərən amildir. Bu mənada Azərbaycanın da belə bir təşəbbüslə çıxış etməsi onu göstərir ki, ölkə böyük bir regional qrupu Təhlükəsizlik Şurasında təmsil etmək üçün müəyyən imkanlar əldə edib", - Namazov əlavə edib.

Politoloq hesab edir ki, qeyd olunan regional qrup İslam Konfransı Təşkilatı ölkələri ola bilər.

"Azərbaycanın İTK ölkələri ilə iş aparması, bu yaxınlarda Qoşulmama Hərəkatına üzv olması da bu məsələyə təsir göstərir. Bütün bu addımlar səsvermə zamanı mümkün qədər çox səs toplamaq və hansısa böyük bir regional qrupu BMT-nin Təhlükəsizlik Şurasında təmsil etmək üçün görülən işlərdir", - o qeyd edib.

Namazov onu da deyib ki, BMT TŞ-yə qeyri-daimi üzvlük bu dəfə alınmasa, buna faciə kimi baxmaq lazım deyil.

"Ölkələr bu məqsədə çatana qədər bir neçə dəfə cəhd edirlər. Namizəd ölkələrin sırasında olmaq, üzv olmaq uğrunda mübarizə aparmağın özü də yaxşı göstəricidir", - o vurğulayıb.

Politoloq ölkəmizin BMT TŞ-yə üzvlüyünün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gətirə biləcəyi dividentləri də şərh edib.

"Azərbaycan TŞ-nin qeyri-daimi üzvü olduğu dövrdə, ən azı, Qarabağ məsələsi ilə bağlı Azərbaycanın maraqlarına zidd olan qərarların qarşısı alına bilər. Azərbaycan təşəbbüs göstərib hansısa bir məsələni TŞ-nin iclasına çıxara bilər. TŞ-nin qeyri-daimi üzvü olması ölkənin nüfuzunun artması deməkdir. Bu birbaşa olmasa da, dolayısı ilə Qarabağ diplomatiyasında Azərbaycana yardımçı ola bilər", - Namazov qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Politoloq bildirib ki, BMT TŞ-yə üzv olmaqla Azərbaycanın beynəlxalq əlaqələri güclənə bilər.

"TŞ-nin qeyri-daimi üzvləri müxtəlif məsələlərə baxırlar. Adətən TŞ-nin iclasına çıxarılan məsələlərlə bağlı maraqlı dövlətlər Şuranın üzvləri ilə danışıqlar aparırlar, qeyri-daimi üzv ölkələrin səsini qazanmağa çalışırlar. Bu da təbii olaraq həmin ölkələrə imkan verir ki, səsvermə zamanı tutduğu mövqedən asılı olaraq daha sıx əlaqələr qursun, hansısa bir ölkə ilə münasibətləri daha yüksək səviyyəyə qaldırsın", - Namazov qeyd edib.

Azərbaycan 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti