...

Argentinalı parlamentarilər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə ümidvardılar

Siyasət Materials 27 Sentyabr 2011 15:57 (UTC +04:00)
Argentinalı parlamentarilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllini tapacağına ümidvardılar.
Argentinalı parlamentarilər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə ümidvardılar

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Argentinalı parlamentarilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllini tapacağına ümidvardılar.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu barədə Azərbaycanda səfərdə olan argentinalı parlamentarilər nazir müavini Xələf Xələfovla görüşdə bildiriblər.

Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda yüksələn rolu barədə Argentina nümayəndə heyətinə məlumat verən Xələfov, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına mane olan başlıca faktor olduğunu vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xarici işlər nazirinin müavini müasir dövrdə bir ölkə tərəfindən digər ölkəyə qarşı zor işlətməklə işğalçılıq və etnik təmizləmə siyasəti aparılmasının dünya ictimaiyyəti tərəfindən qəbul edilmədiyini və işğalın nəticələrinin tanınmadığını bildirib.

Argentina nümayəndə heyəti Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktını pisləyərək, Azərbaycanla həmrəy olduqlarını və ölkəmiz haqqında həqiqətlərin Argentina cəmiyyətinə çatdırılacağını vurğulayıblar.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların və potensialın mövcud olduğu vurğulanıb.

Argentinalı qonaqlar ölkəmizdə sürətli inkişafın şahidi olduqlarını qeyd edərək, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, enerji, sənaye, turizm kimi sahələrdə əməkdaşlıq imkanları barədə öz ölkələrinin müvafiq qurumlarını məlumatlandıracaqlarını bildiriblər.

Xələfov ölkəmizin regionda aparıcı rolunu vurğulayaraq, Argentinanın regionla əməkdaşlıq məsələlərində Azərbaycanın potensialından yararlana biləcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti