Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/
"Elm siyasəti haqqında" qanun layihəsi gələn həftə Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev cümə günü Trend-ə bildirib ki, qanun layihəsi gələn həftə komitədə müzakirə olunacaq.
Onun sözlərinə görə, qanun layihəsi konseptual baxımdan artıq hazırdır və Milli Məclisin yaz sessiyasında birinci oxunuşda qəbul oluna bilər.
Layihədə elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması mexanizmi, elmi işçilərin hüquq və vəzifələri, elmin idarə olunması və koordinasiya edilməsi sistemi, elmin maliyyələşdirilməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması, elmi məktəblərin yaradılması və s. bu kimi məsələlər təsbit edilib.
Qanun vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaratmağa yönələcək.