...

Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın dövlət katibi Hillari Klinton Dağlıq Qarabağ problemini müzakirə ediblər

Siyasət Materials 6 İyun 2012 16:59 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirdi. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi
Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın dövlət katibi Hillari Klinton Dağlıq Qarabağ problemini müzakirə ediblər

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib.

ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirdi. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi.

ABŞ-ın dövlət katibi Hillari Klinton yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrimizlə bağlı Azərbaycan Prezidenti ilə məsləhətləşməkdən məmnun olduğunu dedi. Xanım Klinton Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd etdi. Ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd etdi. O, Azərbaycanın regionda mühüm rolunu vurğuladı. Xanım Klinton ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malik olduğunu dedi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkələrimizin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ABŞ-ın dövlət katibi Hillari Klintonun şərəfinə lanç verildi.

Xəbər lenti

Xəbər lenti