...

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi “Müqəddəs Georq” medalı ilə təltif edilib

Siyasət Materials 7 İyun 2012 14:33 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Macarıstan Daxili İşlər Nazirliyinin ən yüksək mükafatı olan "Müqəddəs Georq" medalı ilə təltif edilib.
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi “Müqəddəs Georq”  medalı ilə təltif edilib

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir K.Zərbalıyeva/

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Macarıstan Daxili İşlər Nazirliyinin ən yüksək mükafatı olan "Müqəddəs Georq" medalı ilə təltif edilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, mükafat Quliyevin bu ölkəyə səfəri zamanı ona təqdim olunub.

Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 5-6-da Budapeştdə keçirilən Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın XX plenar iclasında iştirak etmək məqsədilə Macarıstanda səfərdə olub.

Dünyanın 32 ölkəsinin sərhəd xidməti üzrə səlahiyyətli orqanlarının və sərhəd məsələləri üzrə 7 beynəlxalq təşkilatın yüksəksəviyyəli nümayəndələrinin iştirak etdiyi konfransda "Sərhədlərin idarə edilməsi və cinayətkarlıq arasında əlaqə" mövzusunda müzakirələr aparılıb.

Konfransın birinci günü Macarıstan parlamentində keçirilən təntənəli iclas zamanı general-leytenant Quliyev Macarıstan Daxili İşlər Nazirliyinin ən yüksək mükafatı olan "Müqəddəs Georq" medalı ilə təltif edilib.

Dörd ölkənin - Böyük Britaniya, Almaniya, Avstriya və Azərbaycanın sərhəd xidmətlərinin rəhbərləri bu medala layiq görülüblər. Mükafatı Macarıstanın daxili işlər naziri Şandor Pinter təqdim edib.

Konfransda eyni zamanda, "Sərhəd keçid nəzarəti", "Sahil mühafizəsi", "Viza rejimi və giriş şərtləri" və s. üzrə işçi qruplarının fəaliyyəti haqqında iştirakçılara məlumat verilib və bu istiqamətdə müzakirələr davam etdirilib.

Quliyev səfər çərçivəsində Aİ-nin sərhəd məsələləri üzrə agentliyi olan "Frontex"in icraçı direktoru İlka Laytinen (Ilkka Laitinen), konfransın sədri İştvan Şamu ilə və digər şəxslərlə görüşlər keçirib.

Konfransın sonunda iştirakçı nümayəndə heyətləri fəaliyyətlərinə və sərhəd məsələləri üzrə əməkdaşlığa verdikləri töhfələrə görə müxtəlif dərəcələrlə mükafatlandırılıblar.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti "Sahil nəzarəti üzrə İşçi Qrupu"nda həyata keçirdiyi diqqətəlayiq rəhbərlik fəaliyyətinə görə Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın gümüş Ulduzuna layiq görülüb.

Xəbər lenti

Xəbər lenti