...

Almaniyada Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 14 İyun 2012 10:47 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfirliyində Şərqi və Mərkəzi Avropa Cəmiyyətinin təşəbbüsü, ARDNŞ-nin Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə tədbir keçirilib.
Almaniyada Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanın Almaniyadakı səfirliyində Şərqi və Mərkəzi Avropa Cəmiyyətinin təşəbbüsü, ARDNŞ-nin Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sözügedən təşkilatın dəvəti ilə tədbirdə 150-dən artıq iş adamı iştirak edib. İştirakçılar arasında hökumətlərarası sazişə əsasən hazırda Almaniyada təcrübə keçən müxtəlif şirkətlərdən 20 gənc menecer də olub.

Tədbiri açan Şərqi və Mərkəzi Avropa Cəmiyyətinin idarə heyəti sədrinin müavini Markus Felsner Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verərək ölkəmizin Almaniya üçün vacibliyini vurğulayıb və son zamanlar ölkəmizin iqtisadi inkişaf sahəsində ciddi uğurlar əldə etdiyini bildirib.

O, eləcə də alman iş adamlarında ölkəmizə qarşı marağın daha da artdığını diqqətə çatdırıb.

Təşkilat rəhbəri ölkəmizin yerləşdiyi regionda ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu və Avropaya inteqrasiyaya çalışdığını qeyd edib, ötən illərdə Almaniya ilə yaxşı iqtisadi münasibətlər qurduğunu vurğulayıb.

Azırbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov öz çıxışında tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, siyasəti, iqtisadiyyatı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Şahbazov Prezident İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizin bir sıra uğurlara imza atdığını, ölkədə son 9 ildə 1 milyona yaxın iş yerinin yaradıldığını, valyuta ehtiyatlarımızın 43 milyard ABŞ dollarını ötdüyünü, xarici borclarımızın ümumi daxili məhsulun 7 faizini təşkil etdiyini dilə gətirib.

Səfir ölkəmizin inkişafı barədə beynəlxalq təşkilatların açıqladığı statistikalara müraciət edərək Azərbaycanın Cənubi Qafqazın ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkəsi olduğunu və sözügedən regionun iqtisadiyyatının 85%-nin ölkəmizin payına düşdüyünü diqqətə çatdırıb.

ARDNŞ-nin Almaniyadakı nümayəndəsi Elmar Məmmədov Azərbaycan və Almaniya arasında enerji sahəsində formalaşmış əlaqələrdən və təmsil etdiyi qurumun Almaniyadakı fəaliyyətindən söhbət açıb.

Tədbirdə eyni zamanda qonaqlara Almaniyada yenicə işıq üzü görən "İRS" jurnalının alman versiyası jurnalın redaktoru və Humboldt-Berlin Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri professor Eva-Maria Aux tərəfindən təqdim olunub.

Gənc menecerlərin ölkəmiz, onun tarixi, mədəniyyəti və ümumi inkişaf yolu haqqında hazırladıqları təqdimat da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qonaqlar moskvalı rəssam İrina Zaqovorçevanın Bakıya həsr etdiyi rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub və müəlliflə paytaxtımızın gözəllikləri haqqında fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda iştirakçılara ölkəmiz haqqında informasiya xarakterli müxtəlif kitablar hədiyyə edilib.

Xəbər lenti

Xəbər lenti