...

Möhsün Pakayin: İran-Azərbaycan əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu böyükdür

Siyasət Materials 29 Aprel 2013 17:40 (UTC +04:00)
İran-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin rolu böyükdür. Heydər Əliyev iki ölkə arasında münasibətlərin müsbət inkişaf etdirilməsinə dəstək verən və iki ölkənin əlaqələrinin qurulmasını istəməyənlərin qarşısında dayanan ilk Azərbaycan Prezidentidir.
Möhsün Pakayin: İran-Azərbaycan əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu böyükdür

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir T.Cəfərov/

İran-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin rolu böyükdür. Heydər Əliyev iki ölkə arasında münasibətlərin müsbət inkişaf etdirilməsinə dəstək verən və iki ölkənin əlaqələrinin qurulmasını istəməyənlərin qarşısında dayanan ilk Azərbaycan Prezidentidir. Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

"Bu il Azərbaycanda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi qeyd olunur. Bu baxımdan düşündüm ki, bu münasibətlə Heydər Əliyevin düşüncələri qarşısında minnətdarlığımızı bildirmək, həmçinin İran xalqının bu böyük şəxsiyyətin fikirləri ilə tanışlığı məqsədilə "Heydər Əliyev və onun İrana qarşı daimi dostluq münasibətləri" adlı silsilə xarakterli məqaləni öz şəxsi bloqumda yerləşdirim", - səfir bildirib.

Qeyd edək ki, Pakayinin ümummilli lider Heydər Əliyevlə bağlı yazdığı yazılar səfirliyin rəsmi saytında və İran mətbuatında dərc olunub.

Səfirin sözlərinə görə, ümummilli lider Heydər Əliyev İranla əlaqələrin inkişafına göstəriş vermiş və onun baxışlarında İranla daimi əlaqələrin qurulması yer almışdı.

"Mən Azərbaycana gəlməmişdən öncə Heydər Əliyevlə bağlı araşdırma aparmışdım. Heydər Əliyevin Azərbaycanın xarici siyasətinin memarı olduğunu bilirdim və onun baxışları ilə tanış oldum", - səfir əlavə edib.

Pakayinin sözlərinə görə, indiyədək bu məqalələrdən ikisi artıq həm səfiliyin səhifəsində Azərbaycan və fars dillərində, həm də öz şəxsi bloqunda dərc olunub. İran KİV-lərində də məqalə böyük rezonans doğurub.

"Bundan sonra hər həftə bir məqaləm dərc olunacaq. Məqalələrimdə Heydər Əliyevin Azərbaycan-İran əlaqələrinin regional, beynəlxalq səviyyədə necə qurulması ilə bağlı baxışları, iki ölkənin əlaqələrinin inkişafı ilə bağlı Heydər Əliyevin Naxçıvan MR-də olduğu dövrdə münasibəti, İranın Naxçıvan MR-ə yardımları, Heydər Əliyevin İran və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən, tranzit, ticarət və energetika sahəsində əlaqələrin necə inkişaf etdirilməsi ilə bağlı fikirləri, həm də mərhum Prezidentin iki ölkənin KİV-lərinə əlaqələrin inkişafı ilə bağlı etdiyi məsləhətlər, iki ölkə arasında münasibətlərinin inkişafını istəməyən millətçi qüvvələrə qarşı çıxması barədə məlumatlar yer alacaq", - səfir bildirib.

Pakayin deyib ki, bu məqalələr sonda tarixi bir sənəd kimi qorunub saxlansın deyə, İranda elə "Heydər Əliyev və onun İrana qarşı daimi dostluq münasibətləri" adlı kitab çap olunacaq və paylanacaq.

Səfir əlavə edib ki, Heydər Əliyevin baxışları və fikirləri İran və Azərbaycan əlaqələrinin doktrinasının hazırlanmasında və qurulmasında meyar ola bilər. Onun düşüncələri İran və Azərbaycan siyasətçiləri üçün nümunə olaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə təsir göstərə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti