...

Politoloq: Aİ-nin Riqa sammiti Cənubi Qafqazın təhlükəsizliyinə yeni yanaşma təklif etməlidir

Siyasət Materials 19 May 2015 12:58 (UTC +04:00)
Cənubi Qafqazda baş verənlər, Qərbin bu regiondakı siyasəti Avropa İttifaqının problemlərini artırır.
Politoloq: Aİ-nin Riqa sammiti Cənubi Qafqazın təhlükəsizliyinə yeni yanaşma təklif etməlidir

Azərbaycan, Bakı, 19 may /Trend/

Cənubi Qafqazda baş verənlər, Qərbin bu regiondakı siyasəti Avropa İttifaqının problemlərini artırır. Cənubi Qafqaz mühüm olmaqla yanaşı, həm də mürəkkəb regiondur. Mühümlüyü tranzit potensialına və Azərbaycanın enerji resurslarına görədir. Mürəkkəbliyinin səbəbi isə regional sabitliyin davamlı, təminatlı ola bilməməsidir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq qeyd edib ki, regional sabitliyin davamlı ola bilməməsinin əsas səbəbi Ermənistanın apardığı siyasətdir: "Ermənistanın siyasəti hesabına SSRİ dağılan andan region münaqişə ocağı kimi tanındı. Dağlıq Qarabağdan başlayan separatçılıq sonradan Gürcüstan ərazisindəki regionlara da keçdi. Ermənistan bu günədək Azərbaycan torpaqlarını işğal altında saxlayıb və bütün resurslarını buna xərcləyir. Ermənistan dövlətində iqtisadi, siyasi inkişafın dayanmasının, mənəvi böhranın əsas səbəbi də Dağlıq Qarabağ münaqişəsinin mövcudluğudur. Ermənistanı işğalçılıqdan çəkindirmək üçün region və regionda marağı olan dövlətlərin region üzrə vahid strategiyasının olması zəruridir. Bu olmadıqca Ermənistan rəhbərliyinin avantürası getdikcə özünə resurs tapacaq. Bu resurs ikibaşlı kötək kimidir. Bir başı Azərbaycanın torpaqlarını işğalda saxlamağa kömək edir, digər başı isə Ermənistanın dövlətçiliyini sıradan çıxarır".

M.Əhmədoğlu bildirib ki, 2013-cü il 3 sentyabrda Ermənistan Aİ ilə assosiativ müqavilədən imtina edib Rusiyanın qurumu olan Avrasiya İqtisadi Birliyinə girməsini də məhz Qarabağın təhlükəsizliyi ilə əsaslandırdı: "Ermənistanın Aİ-nin Şərq Tərəfdaşlığı Proqramına qoşulmasının da əsas səbəbi regionda xaos yaratmaq və bununla da Dağlıq Qarabağ tənzimlənməsini arxa plana keçirmək idi. Yenicə hakimiyyətə gəlmiş S.Sərkisyanın Aİ-ni antirusiya layihəyə təşviq etməkdə məqsədi yalnız bu idi. S.Sərkisyan məqsədinə nail oldu. Aİ5 il Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində heç bir addım atmadı. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqe 3 dəfə dəyişdi. Hər dəfə də dəyişiklik Ermənistanın xeyrinə idi. S.Sərkisyanın yalanlarının təsiri altında o zamankı avrokomissar Ş.Füle Yerevanda olarkən Rusiyanı Azərbaycana silah satmaqda ittiham etdi. Halbuki, Ermənistanda Rusiyanın bazası var idi. Ş.Füle bazar iqtisadiyyatı prinsiplərinə zidd olaraq Rusiyadan Ermənistana qazı ucuz qiymətə satmağı tələb etdi. Ermənistanda seçicinin öldüyü yerli seçkilər günü Ş.Füle S.Sərkisyana 60 milyon avroluq çek verdi. Dağlıq Qarabağ tənzimlənməsini S.Sərkisyan 5 il yubatdı. Avropanın Şərq Tərəfdaşlığı Proqramı iflasa uğradı. Məhz bu proqrama görə Ukrayna parçalandı. S.Sərkisyanı belə şeylər maraqlandırmır. Təki Azərbaycan torpağı işğal altında qalsın".

Mərkəz rəhbəri qeyd edib ki, Cənubi Qafqazda regional sabitliyə təhlükənin alfa və omeqası Dağlıq Qarabağ münaqişəsidir: "ATƏT MQ bu münaqişəni həll etmək gücündə deyil. Həmsədrlər ideya baxımdan tükəndiyini etiraf edirlər. Həmsədrlərin indiki tərkibi ATƏT MQ-ni nüfuzsuz quruma çevirib. ATƏT MQ həmsədrləri yalnız erməniləri maraqlandıran təkliflərlə çıxış ediblər. Təkliflərində etdiyi dəyişikliklər də ermənilərin maraqlarına uyğun olub. Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının birgə yaşayışından asılıdır. Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının dialoqunun mümkün qədər tez zaman ərzində qurulması münaqişənin dinc yolla tənzimlənməsinə böyük inam yarada bilər. Eləcə də bu dialoq böyük resurslara malik etimad tədbiridir. ATƏT MQ həmsədrləri bircə dəfə də olsun bu dialoqa dəstək verməyiblər. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu həm də qoşunların təmas xəttində hərbi gərginliyin azalmasına kömək edə bilər. Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağın erməni və azərbaycanlıların görüşü keçirilən zaman heç bir tərəf hərbi gərginliyi artırmayacaq. Hərbi gərginliyin azaldılması ilə bağlı həmsədrlərin "həyəcan təbili" çalması da boş bəyanatdan başqa bir şey deyil. Real məzmun Dağlıq Qarabağın ermənilərinin və azərbaycanlılarının icmasının dialoqunun qurulmasından keçir. Qoşunların təmas xəttində snayperlər geri çəkiləcəksə iri çaplı pulemyotlar, minaatanlar, toplar işə düşəcəkdir. Belə demək olar ki, ağır çaplı silahlar artıq fəaliyyətdədir".

ATƏT MQ-nin amerikalı həmsədri C.Uorlikin qərəzli, birtərəfli fəaliyyətinin münaqişənin dinc tənzimlənməsinə ən böyük təhlükə olduğunu vurğulayan politoloq deyib ki, son vaxtlar yayılan məlumatlar ABŞ Dövlət Departamentindəki intizamsızlığın, korrupsiyanın hansı səviyyədə olduğunu deməyə əsas yaradır: "C.Uorlik həmin intizamsız və korrupsiyalaşmış məmurlardan biridir. Həmişə Ermənistan -Azərbaycan prezidentlərinin görüşü imkanı yaranan kimi C.Uorlik məhz həmin görüşü pozmaq üçün MQ həmsədrlərinin yaxınlarda prezidentlərin görüşü ilə məşğul olacağı ideyasını gündəliyə gətirir. Məqsəd prezidentlərin görüşünə imkan verməməkdir. Çünki Ermənistan yalnız ritorikada dinc tənzimlənmənin və prezidentlərin görüşünün tərəfdarıdır. Reallıqda Ermənistanda başa düşürlər ki, tənzimlənmə dedikdə status-kvonun dəyişilməsi başa düşülür. C.Uorlikin istifadə etdiyi metod orijinal deyil və ABŞ diplomatlarının Ermənistanla əlaqəli məsələlərdə tez-tez istifadə etdiyi variantlardan biridir".

M.Əhmədoğlu eyni zamanda bildirib ki, iki il bundan qabaq Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının keçirdiyi tədbir çərçivəsində Yerevana gələcəyini bəyan etdi: "Ermənilər Türkiyə rəsmisinin Yerevana səfərini gözləmirdilər. Bunu arzulamırdılar. Ermənistan prezidenti və Xİ Naziri Ə.Davudoğlunu qəbul etməmək qərarı qəbul etdilər. Eləcə də Türkiyənin yüksək cinli rəsmisinə qarşı hörmətsizlik etməyi planlaşdırdılar. Ermənistan rəhbərliyi Yerevana gəlmiş Türkiyə rəsmisini qəbul etməməsinin Qərb dünyasında narazılıqla qarşılanacağını bilirdi. Ona görə ABŞ-ın Ermənistandakı o zamankı səfiri C.Heffern gözlənilməz bəyanatla çıxış etdi: ABŞ dövlət katibi C.Kerrinin Ermənistana səfəri planlaşdırılır. Bununla da Qərb dünyası Ermənistan prezidenti və xarici işlər nazirinin Türkiyə xarici işlər nazirini qəbul etməməsinə reaksiya vermədilər. Ə.Davudoğlunun Ermənistana səfəri ABŞ-ın Ermənistan-Türkiyə münasibətlərinin istiləşməsi ilə bağlı arzusuna töhfə ola bilərdi. ABŞ-ın diplomatı özünün dövlət siyasətinin əleyhinə getdi.
S.Sərkisyan 2008-ci ildə qan tökərək hakimiyyətə gəlmişdi. S.Sərkisyan quldur və kəmağıl olsa da başa düşmüşdü ki, 10 nəfər erməninin meyiti üstündən hakimiyyətə gəlməsini Qərb qəbul etməyəcək. Legitimliyinin tanınması üçün Qarabağ tənzimlənməsində mövqeyini sərt dəyişdi. Hətta rəsmi Bakını Dağlıq Qarabağa investisiya qoymağa çağırdı. "Dağlıq Qarabağ erməniləri rəsmi Bakını seçərlərsə, qoy seçsinlər" bəyanatını verdi. ABŞ-ın o zamankı Ermənistandakı səfiri M.Yovanoviç Ermənistandakı bəlli qüvvələrin və ABŞ-dakı erməni diasporunun təsiri ilə S.Sərkisyanı Türkiyə və Azərbaycana qarşı münasibətini sərtləşdirməyə yönəltdi. Əvəzində S.Sərkisyana Rusiya ilə çoxbaşlı oyunlarda iştirak etməyi təklif etdi. Bu, mürəkkəb sxem idi. Amerikalı həmsədr C.Uorlik də indi həmin metodları təkrarlayır. "İcmalararası dialoq" sözünü dövriyyəyə buraxmaq üçün ABŞ-dakı erməni və azərbaycanlı icmaları ilə görüş keçirmək barədə məlumat yayıb. Minsk Qrupunun 11 üzvündən hansısa biri Dağlıq Qarabağ tənzimlənməsini aktivləşdirmək istəyən kimi dərhal C.Uorlik həmin dövlət rəsmiləri ilə görüş keçirib yeni yaranan aktivliyi neytrallaşdırır. Diplomat həmkarı, ABŞ-ın ATƏT-dəki səfiri D.Bayerin Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı bəyanatına və Dağlıq Qarabağ tənzimlənməsi haqda daha birbaşa məsələlərə bildirmədən erməni soyqırımına münasibət bildirir və bu addımını Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olması ilə əsaslandırır. Prezidentlərin görüşünə onun maneçilik etməsi isə artıq bir neçə dəfədir ki təkrarlanır".

Mərkəz rəhbəri hesab edir ki, C.Uorlik Yenilənmiş Madrid Prinsiplərini ermənilərin maraqlarına uyğun dəyişdi və adını "amerikan variantı" qoydu: "Aşağı statuslu diplomat Uorlik cəsarətlənərək öz prezidentinin iradəsinin əleyhinə çıxdı: B.Obamanın imzaladığı Yenilənmiş Madrid prinsiplərinin mahiyyətini dəyişdi. Hətta ermənilər onun "amerikan variantı"nı qəbul etmədilər. Çünki dəyişikliyin miqdarı Ermənistanı qane etmədi. Yenilənmiş Madrid Prinsiplərini rəsmi təfsirlə, izahla tamamlayıb "Avropa variantı" yaratmaq olar. Adı Brüssel və ya Riqa prinsipləri də ola bilər".

Politoloq sonra qeyd edib ki, ABŞ-ın Gürcüstan üzrə siyasəti də bəllidir: "Saakaşvili hökuməti ABŞ-a arxayın olub qızışdı və Rusiya ilə müharibə başlandı. Nəticəsi göz qabağındadır. Gürcüstan torpaqlarını itirib. ABŞ yalnız ritorik dəstək verir. Gürcüstan bütün xalq və dövlət olaraq NATO və Aİ-ə üzv olmaq istiqamətində fəaliyyət göstərirlər. Qərbin demokratik hesab etdiyi seçkilər keçiriblər. Amma yenə ABŞ Gürcüstana lazım olan dəstəyi verə bilmir. Ukraynanın da xaraba qalmasında, dağılmasında ABŞ-ın siyasəti vacib rol oynadı. İndi Aİ və ABŞ Ukraynaya lazım olan dəstəyi verə bilmirlər. Aİ məkanında partlayışa bənzər vəziyyət yaranır. Ukrayna və Gürcüstanın Liviyadan çox böyük fərqi var. Həm coğrafi, həm də mental baxımdan Gürcüstan və Ukrayna Avropanın içindədir. Ona görə ABŞ-ın Liviyanı dağıtması ilə ABŞ-ın Ukraynanı dağıtması Avropa üçün tamam fərqli parametrlərdir. MDB məkanında ən sınanmış fitil Ermənistan, ermənilər və Dağlıq Qarabağ münaqişəsidir. Ona görə Aİ-nin indiki rəhbərliyi hansı mirasa sahibləndiyini dərk etməlidir.
Cənubi Qafqazdan başlanan sağlamlaşdırıcı, stabilləşdirici proseslər bütövlükdə Avropa qitəsi üçün təhlükəsizliyin mühüm elementlərindən biri ola bilər. Aİ komissarlarının, xüsusilə genişlənmə üzrə komissar Xanın Brüsseldə Ermənistanın səfiri ilə keçirdiyi görüşdə regional təhlükəsizliyinin təmini metodologiyası ilə bağlı səsləndirdiyi fikirlər Aİ-nin indiki rəhbərliyinin Cənubi Qafqazla bağlı düzgün yolda olduğunu göstərir. Vışeqrad qrupunun Şərq Tərəfdaşlığı proqramının üzvləri ilə görüşdən sonra yaydığı bəyanat buna daha bir sübutdur. Aİ-nin Riqa sammitində Cənubi Qafqazın yeni yanaşmasının təsdiqini gözləyirik. Cənubi Qafqazda Aİ-nin konstruktiv siyasətinə dəstək məsələsində Azərbaycan tərəddüd etməyəcək. Əsas məsələ Aİ tərəfdən Cənubi Qafqazla əlaqəli sağlam mövqenin ortalığa qoyulmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti