...

Azay Quliyev: Aland adaları təcrübəsini Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür (ÖZƏL)

Siyasət Materials 16 İyul 2018 15:21 (UTC +04:00)
Aland adaları təcrübəsini Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür.
Azay Quliyev: Aland adaları təcrübəsini Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür (ÖZƏL)

Bakı. Elçin Mehdiyev - Trend:

Aland adaları təcrübəsini Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür.

Bunu özəl olaraq Trend-ə müsahibəsində ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib.

A.Quliyev ATƏT PA-nın illik sessiyasından sonra Almaniyanın təşəbbüsü və Parlament Assambleyasının təşkilati dəstəyi ilə ənənəvi olaraq keçirilən “Laynsvayler seminarı”na qatıldığını bildirib:

"11-12 iyulda baş tutan iki günlük seminarda 12 ölkədən 20 deputat, ATƏT PA-nın prezidenti və baş katibi daxil olmaqla, 7 nəfər büro üzvü də iştirak edirdi. “Ən yaxşı təcrübəni bölüşmək və milli azlıqların hüquqlarını qorumaqla etnik münaqişələrin qarşısını necə almaq olar” mövzusuna həsr olunmuş seminarda çox maraqlı təqdimatlar və müzakirələr oldu. Azərbaycan üçün önəmli təqdimatlardan biri “Münaqişələrin həllində Aland adaları təcrübəsi” idi. İsveç və Finlandiyanın parlament üzvlərinin təxminən 100 il bundan öncə hər iki ölkə arasında böyük bir münaqişəyə çevrilmiş Aland adaları məsələsini sülh yolu ilə necə həll etdiklərini bizə danışdılar. Bilirsiniz ki, o zaman adada referendum keçirilmiş və isveçdilli əhali 95% səslə adanın İsveçə birləşdirilməsinə səs vermişdi. Finlandiya da öz növbəsində, səsvermənin legitimliyini şübhə altına alaraq Millətlər Liqasına şikayət etmiş və Millətlər Liqasının müdaxiləsindən sonra Aland adalarına Finlandiyanın tərkibində yüksək muxtariyyət verilmiş, sonda İsveç də bunu qəbul etmişdi. Həm İsveç hökuməti və xalqının, həm də Finlandiya hökuməti və xalqının müdrikliyi və uzaqgörənliyi sayəsində münaqişə qanlı mərhələyə keçməmiş və sülh yolu həll olunmuşdu. İndiyə kimi hər iki tərəf qəbul olunmuş anlaşmaya əməl edir və məmnun görünür".

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, bir sıra ümumi oxşarlıqları nəzərə alaraq, Aland adaları təcrübəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də tətbiq etmək mümkündür:

"Bu fikri mən Ermənistan nümayəndələrinin daxil olduğu seminar iştirakçılarının diqqətinə çatdırdım və təklif etdim ki, gələn il “Laynsvayler seminarı”nı məhz bu mövzuya həsr edək. Təklif ümumən bəyənildi və əgər hər hansı bir kənar müdaxilə olmasa, bu tədbiri gələn il Laynsvaylerin özündə təşkil edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti