...

Prezident İlham Əliyev: Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir

Siyasət Materials 4 Oktyabr 2019 22:25 (UTC +04:00)
Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir
Prezident İlham Əliyev: Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir

Bakı. Trend:

Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirakçıların suallarını cavablandırarkən deyib.

Azərbaycan Prezidenti bildirib:

"Mən öz şərhlərimdə demişəm ki, nəqliyyat layihələri yük göndərənlər, yaxud tranzit ölkələr üçün təkcə gəlir qazanmaq üçün əlavə imkanlar yaratmır, bunlar ölkələri qarşılıqlı asılı vəziyyətə salır. İstənilən tranzit ölkə öz qonşuları ilə yaxşı münasibətlərə malik olmalıdır, yoxsa bu tranzit sadəcə baş tutmayacaq. Azərbaycana gəlincə, biz artıq çoxdandır həm müasir nəqliyyat infrastrukturunun, həm də regionumuzda etimad mühitinin yaradılmasına investisiya qoyuruq. Düşünürəm ki, biz tərəfdaş ölkələrin birgə səyləri ilə nadir əməkdaşlıq formatı yaratmağa nail olmuşuq. Həmin format bu gün xalqlarımızın rifahına, eləcə də təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Hesab edirəm ki, beynəlxalq təcrübədə qarşılıqlı asılılıq və qarşılıqlı tamamlama bütövlükdə sabitlik və təhlükəsizlik amillərindən biridir.

Azərbaycan nəqliyyat infrastrukturuna xeyli vəsait qoyub. Biz Bakı yaxınlığında çox böyük ticarət limanını istifadəyə vermişik. Həmçinin dəmir yolları bizi üç qonşumuzla birləşdirir. Avtomobil yolları da yük axınının artmasına təkan verir. Coğrafi yerləşmə təbii ki, geosiyasi vəziyyətdən asılıdır. Onun həm müsbət, həm də mənfi cəhətləri ola bilər. Fikrimcə, hər bir hökumətin vəzifəsi ölkəsinin coğrafiyasını müsbətə yönəltməkdir. Zənnimcə, biz buna nail olmuşuq. Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçısıdır və bu ilin aprelində Pekin konfransında Cənubi Qafqazın yeganə ölkəsi kimi iştirak edib. Biz, həmçinin Şimal-Cənub layihəsinin mühüm tərəfdaşıyıq. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir. Mən bu gün dedim ki, biz artıq Şimal-Qərb dəhlizinin işə düşməsinə şadıq. Beləliklə həmin layihələr, təbii ki, regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti