Bakı. Trend:
Tarixən təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma, eləcə də demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirməklə bu günkü faşist ideologiyasına xidmət edən dövləti yaradıb. Təbii ki, Livan ermənilərinin Azərbaycanın hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürülməsi işğalçı Ermənistanın məkrli planının bir hissəsidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Pərvin Kərimadə bildirib.
Millət vəkili qeyd edib ki, ermənilərinin Dağlıq Qarabağa – Azəraycanın əzəli-əbədi torpaqlarına köçürülməsi zaman-zaman baş verib. Bu gün də faşist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt etməyə xidmət edir.
Bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistanın saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimi öz əsl xislətini göstərməkdə davam edir. Bu gün işğalçı Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməklə, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması cəhdi dünya ictimaiyyətinin gözü önündə baş verir. Təəssüflər olsun ki, bugünkü reallıqları əks etdirən faktları görməyən, daha doğrusu görmək istəməyən beynəlxalq təşkilatlar işğalçı Ermənistanın başına sığal çəkməklə məşğuldurlar. Erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyi işğalçı dövlətin rəhbərliyi tətəfindən rəsmən bildirilməsinə baxmayaraq beynəlxalq təşkilatlar əməli addımlar atmırlar.
Azərbaycan tərəfi işğalçı Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı ciddi etirazını ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında və müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb.
Eyni zamanda, ölkəmizin haqlı mövqeyi elmi fakrlarla, dünya KİV-lərində, sosial şəbəkələrdə təbliğ olunur.
Livanda, Beyrutda baş verən partlayışdan, insanların fəlakətlərindən, faciələrindən istifadə edərək bu qeyri-qanuni məskunlaşma strategiyasını həyata keçirən Ermənistan hökuməti məsuliyyətə cəlb edilməlidir. Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma siyasətinin beynəlxalq humanitar hüququn, o cümlədən 1949-ci il Cenevrə konvensiyalarının müddəalarının kobud şəkildə pozduğunu nəzərə alsaq Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını beynəlxalq təşkilatlar da aydın görə bilərlər. Beynəlxalq təşkilatlar illərdir Ermənistan hökumətinin işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarını dəyişdirdiyinə, Dağlıq Qarabağ və ətraf rayonların təbii resurslarını talan etdiklərinə, onlardan qazanc məqsədilə istifadə etdiklərinə, xüsusilə də Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərininə nəzər salaraq məsələyə hüquqi qiymət verməlidirlər. Lakin, çox təssüflər olsun ki, beynəlxalq təşkilatlar faşizm ideologiyasından güc alan işğalçı Ermənistanın əməlləri ilə bağlı obyektiv fikirlərini bildirmirlər.