...

Prezident İlham Əliyevin liderliyi ilə dünya azərbaycanlıları "dəmir yumruq" kimi birləşib - Sevil Mikayılova

Siyasət Materials 18 Aprel 2022 15:37 (UTC +04:00)
Prezident İlham Əliyevin liderliyi ilə dünya azərbaycanlıları "dəmir yumruq" kimi birləşib - Sevil Mikayılova

Bakı. Trend:

Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi olduqca qürurvericidir. Ötən qurultaylardan fərqli olaraq, bu dəfə Azərbaycan diaspor təmsilçiləri qalib xalqın nümayəndələri kimi bir araya gələcək. Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğaldan azad etdiyi torpaqlarda diaspor nümayəndələrinin görüşməsi, müzakirələr aparması Qarabağ həqiqətlərinin dünyaya çatıdırlması kimi, Qarabağın bərpasına da öz töhfəsini verəcək. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində diaspor təşkilatlarının fəaliyyəti yeni reallıqlar fonunda uğurla davam edir.

Bunu Trend-in sualına cavabında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr xeyli genişlənib və diasporla iş dövlət siyasətinə çevrilib. Azərbaycanda diaspor quruculuğuna hələ ümummilli lider Heydər Əliyevin dövründə və onun rəhbərliyi altında başlanılıb. Heydər Əliyevin rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında dünya azərbaycanlılarının I qurultayı keçirilib, 2002-ci ildə isə Azərbaycanın diaspor siyasətini koordinasiya etmək məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycanda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunması ümummilli diasporun formalaşmasında, Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olmuşdur.

S.Mikayılova qeyd edib ki, müstəqillikdən ötən illər ərzində Azərbaycan diaspor təşkilatları ciddi inkişaf yolu keçib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında Fərman imzalayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə azyaşlı uşaqlar üçün “Qarabağ” adlı Azərbaycan məktəbləri təsis olunub. Bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır.

"Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında yeni mərhələnin başlanğıcı qoyulub, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olub".

Deputat vurğulayıb ki, son dövrlər Azərbaycan diaspor təşkilatları uğurla inkişaf edir, koordinasiya mərkəzləri yaradılır.

"Tarixi qələbə qazandığımız ikinci Qarabağ müharibəsində də diasporamızın uğurlu fəaliyyəti Azərbaycanın haqq savaşına öz töhfəsini verdi. Həm lobbiçilik, həm diaspor istiqamətində atılan addımlarla ikinci Qarabağ müharibəsində Azərbaycan diasporunun bütün nümayəndələri Ali Baş Komandanın ətrafında "dəmir yumuruq" kimi birləşməyi bacardı.

Bu dövrdə diaspor nümayəndələri dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi və Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışdı. Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak edib.

50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı tərəfindən müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərilib. Bu da onu göstərir ki, Azərbaycan diasporu milli maraqlar üçün əlindən gələni etməyə hazırdır", - əlavə edib.

S.Mikayılova qeyd edib ki, diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti