Bakı. Trend:
Beynəlxalq Şuşa Forumunun çox böyük əhəmiyyəti var.
Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, 30 illik işğaldan azad olunan Qarabağda Azərbaycan yenidənqurma, bərpa işləri görür.
“44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan və Türkiyə diaspor qurumları çox yaxın əməkdaşlıq etdi. Biz Azərbaycanın bu haqlı mübarizəsində dəstək olduq. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında diaspora əməkdaşlığını qüvvətləndirmək istəyirik. Azərbaycan və Türkiyə diasporu Türk Dövləri Təşkilatı içərisində qabaqcıl yerə sahibdir. Şuşa Forumu ilə bu, daha da inkişaf edəcək”, - deyə o əlavə edib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin iştirakı ilə dekabrın 20-21-də Bakı və Şuşada beynəlxalq forum keçiriləcək.