...

Paşinyan yenə sülhdən danışmağa başlayıb

Siyasət Materials 17 Oktyabr 2023 16:28 (UTC +04:00)
Paşinyan yenə sülhdən danışmağa başlayıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan qeyri-sabit siyasi xətt tutması ilə seçilib. Sülhdən danışan Paşinyan gah Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, gah da təxribatlarla bağlı əmr verir.

Bu dəfə Ermənistan baş naziri Avropa Parlamentində çıxışı zamanı əvvəlki dövrlərdə səsləndirdiyi bəyanatlara uyğun açıqlamalar verib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla ilin sonunadək sülh müqaviləsi imzalamağa hazırdır.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra sülh təşəbbüsü ilə çıxış edib. Sülh müqaviləsinin imzalanmamasının əsas səbəbkarı isə Ermənistan siyasi hakimiyyətidir. Az qala hər gün bir-birinə ziddi bəyanatlar səsləndirən Ermənistan hakimiyyəti prosesi maksimum yubatmağa çalışır. Paşinyan indi yenidən Avropa ictimaiyyəti qarşısında sülh müqaviləsinin imzalanmasında maraqlı olduqlarını göstərməyə çalışır.

Reallıqda isə Ermənistan sülhdən xeyli uzaqdır. Daha öncə də Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlamışdı, lakin sonrakı proseslərdə bunun tamamilə əksini ifadə etdi. O, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etdi və artıq keçmişdə qalan qondarma rejimin "prezidenti"nə təbrik məktubu da göndərdi. Ermənistan hakimiyyəti növbəti dəfə manevr edərək, əslində, danışıqlar prosesinin mənasız olduğunu açıq şəkildə isbatlamış oldu.

Ümumilikdə 2020-ci ildə imzalanan 10 noyabr bəyanatından sonra Ermənistan tərəfi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Bu gün Paşinyan Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolunu bərpa etməyə də hazır olduqlarını açıqlayıb. Faktiki olaraq isə Ermənistan kommunikasiyaların açılması üçün heç bir iş görməyib. Hətta Azərbaycan onlardan dəmir yolunun keçəcəyi hissənin yerini təqdim etmələrini istəsə də, Ermənistan prosesi maksimum ləngitmək üçün müvafiq koordinatları təqdim etməyib.

Yaxın tarix göstərir ki, Paşinyanın sözdə müsbət bəyanatları elə söz olaraq da qalır. Çox keçmir ki, o, bu bəyanatların əksinə olan iddialarla çıxış edir və əldə olunmuş gündəliyə ciddi zərbə vurur. Bundan sonrakı gedişatın da fərqli olacağını düşünmək çətindir. Aydındır ki, Paşinyanın bu gün Avropa Parlamentində verdiyi açıqlamalar növbəti vaxt qazanmaq cəhdidir və ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti