...

Kimi, niyə və nə üçün seçəcəyik? - SUALLARA CAVABLAR

Siyasət Analytics 18 Yanvar 2024 14:35 (UTC +04:00)
Kimi, niyə və nə üçün seçəcəyik? - SUALLARA CAVABLAR
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləridir. Xalq yaşam yolunu, inkişaf istiqamətini və ən başlıcası, ideologiyasının əsaslarını seçəcək.

Növbədənkənar prezident seçkiləri ilə bağlı suallar çoxdur. Seçkilər həyatımızda nəyi və necə dəyişəcək, seçkilərdən sonrakı yaşamımızda hansı dəyişikliklər olacaq, Azərbaycanın bundan sonrakı inkişaf yolu necə olacaq və niyə məhz həmin istiqamət seçiləcək?

İnkişaf etməkdə olan, ərazisi və əhalisi baxımından dünyanın böyük dövlətlərindən sayılmayan Azərbaycanda dövlət başçısı postuna seçkilər qlobal geosiyasət baxımından ən önəmli hadisə deyil.

Lakin bu seçkilər Cənubi Qafqazda yanaşı, postsovet məkanındakı vəziyyətə ciddi təsir edəcək prosesdir və təsirlər ən yaxın perspektivdə özünü büruzə verəcək.

Seçkilərlə bağlı suallar az deyil. Onların arasında ən çox səslənənləri cavablamağa çalışaq.

1. Seçkilərin ictimai həyata təsiri nədir?

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri adi səsvermə deyil. Seçicilər bu və digər namizədə səs verməklə yanaşı, cəmiyyətin ideoloji məhvərini, ideologemini müəyyənləşdirəcəklər.

Azərbaycanın ideologemi var və bəllidir. Yeni formasiya yalnız yenilənməni yox, cəmiyyətin yaşam tərzini, insanlarımızın həyat orientirlərini bəlirləyir.

Onlarsa sadə və bəllidir - HƏQİQƏT.

Azərbəycanın həqiqətləri məlumdur.

Ölkəmizdə insanlar iki cinsə bölünür - kişilər və qadınlar. Bizə sırınmağa cəhd edilən "üçüncü cins" olmayıb və olmayacaq.

Ölkəmizdə bərpa edilən enerji mənbələri ilə yanaşı, təbii qaz və xam neft təki enerjidaşıyıcıları ehtiyatları var.

Ölkəmizin sərhədləri var və onlar qorunur. Sərhədlərimizin kimlərinsə tələbi ilə kimlər üçünsə tam açıq saxlamaq niyyətində deyilik. Çünki sərhəd tam açıqdırsa, deməli, sərhəd deyil.

Ölkəmizin və xalqımızın mənəvi orientirləri arasında əsas yerlərdən birini ailə tutur. Ənənəvi ailə bəşəriyyətə məlum olan ən yaxşı formatdır.

Ölkəmizdə hakimiyyətin 3 qolu (qanunverici, icraedici və məhkəmə) var. 4, 5 və ya 6-cı hakimiyyət yoxdur, olmamalıdır.

Ölkəmizin Konstitusiyası xalqımızın və dövlətimizin müstəqilliyinin, azadlığının və varoluşunun əsas, ən güclü təminatçısıdır.

Bütün bunlar həqiqətlərdir və biz seçkilərdə məhz həmin həqiqətlərin məcmusu olan əsas HƏQİQƏTə səs verəcəyik.

2. Namizədlər siyahısı güclüdürmü, başqa namizədlər ola bilməzdimi?

Prezidentliyə namizədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevə ciddi rəqib ola biləcək şəxs nəzərə çarpmır. Yoxdur belə namizəd.

İlham Əliyev sadəcə, ərazi bütünlüyümüzü, sərhəd toxunulmazlığımızı və suverenitetimizi bərpa etmədi, 30 il davam edən erməni işğalına son qoymadı.

O, 300 il əvvəl Azərbaycanan sırınmış Qarabağ müşkülünü birdəfəlik həll etdi.

İlk dəfədir ki, seçkilər bütün Azərbaycan ərazisində keçiriləcək.

İlk dəfədir ki, Xankəndində insanlar Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyasına uyğun olaraq Azərbaycanın gələcəyinə, inkişafına, qüdrətinə və tərəqqisinə səs verəcəklər.

Və ilk dəfədir ki, ərazilərimizin 1 kvadrat santimetrində erməni işğalçıları olmadan seçkilər keçirəcəyik.

Namizədlərə gəldikdə isə, onların hər biri təbliğat-təşviqat kampaniyası keçirir, səslər uğrunda mübarizə aparırlar.

Seçkilərə qatılmaq üçün ölkədəki müxalifət partiyalarının istisnasız olaraq, hamısının sədrlərinin və ya liderlərinin şansları, imkanları vardı. Lakin özlərini “ana müxalifət” adlandıran AXCP və Müsavat sivil siyasi mübarizədən imtina edərək, boykot yolunu tutdular.

Əli Kərimli və Arif Hacılı öz aləmlərində müdrik, düşünülmüş və yaxşı addım atdıqlarını zənn edirlər. Lakin gerçəklik bu partiyalar, daha doğrusu, bir zamanlar partiya olan və indi siyasi dərnək halına düşmüş qruplar üçün acıdır.

Seçkilərin boykot edilməsi qərarı isə bu partiyaların səsvermə prosesinə təsir cəhdi olsa da, çox primitiv və uğursuz taktikadır. Sosial bazaya yiyələnərək onu genişləndirmək, elektoral potensialını artırmaq istəyən siyasi qüvvə belə davrana bilməz və davranmamalıdır.

AXCP-Müsavat tandemi isə əfsuslar olsun ki, onillərdən bəri dəyişməz qalan qüsurlu və bəsit davranış modelinə sadiq qalaraq zəifliklərini nümayiş etdirdilər.

3. Qərbin təzyiqi varmı?

Təbii ki, var. Avropa Parlamentində ölkəmizlə bağlı qəbul edilmiş son paradoksal qətnamə, Fransa Senatında 1 senator istisna olmaqla, bütün senatorların lehinə səs verdikləri bəyannamə, Avropa İttifaqında və Kanadada, habelə ABŞ-da radikal solçu və sağçı siyasətçilərin Bakını hədəfə almaları və s. - bütün bunlar kollektiv Qərbin Azərbaycana aşkar təzyiq istəklərinin təzahürü sayıla bilər.

Müstəqil siyasət yürüdən, hansısa dövləti metropoliya, özünü isə dominion qismində görmək istəməyən, yerli qanunvericiliyi və Konstitusiyamızı istənilən beynəlxalq təşkilatın nizamnaməsi ilə qərarlarından üstün tutan, vətəndaşların maraqları ilə dövlətin mənafeyini xarici siyasətin alfa və omeqasına döndərən Azərbaycan Qərbdəki bir çox dairələri, siyasi elitaları və isteblişmentləri qıcıqlandırır. Hətta sinirləndirir və təbdən çıxarır.

Cənubi Qafqaz kimi həddən ziyadə önəmli geosiyasi və geostrateji əhəmiyyətə malik bölgədə yerləşməklə yanaşı, nəqliyyat marşrutları və loqistik kommunikasiyaların qovşağı kimi ciddi çəkiyə malik olan Azərbaycan bundan sonra da bəlli qüvvələrlə güc mərkəzlərin hədəfinldə olacaq.

Bilirik və müvafiq siyasət yürüdürük.

… Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan üçün yeni dövrün başlanğıcı olacaq.

Və bu, yaxşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti