Bakı. Trend:
Bələdiyyələr qəbul etdikləri qərarları elektron portala yerləşdirəcəklər.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarına təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın elektron portalında yerləşdirməlidirlər.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.