Bakı. Trend:
Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarına təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətində keçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.
Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək.
Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini
topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında
bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi
təsdiq ediləcək
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.