Bakı. Trend:
COP29 dövründə Bakıda toylara məhdudiyyət və ya SMS icazə sistemi tətbiq olunmayacaq.
Trend-n məlumatlı mənbədən əldə etdiyi məlumata əsasən, COP29 zamanı toy və ya digər xüsusi tədbirlərə qadağa tətbiq ediləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bildirilib ki, bütün obyektlər məhdudiyyətsiz fəaliyyət göstərəcək.
Həmsöhbətimizin sözlərinə görə, bu, digər söz-söhbətlərə də aiddir - tətbiq ediləcək hərəkət məhdudiyyətləri, SMS icazə sisteminin tətbiqi (karantin məhdudiyyətləri nümunəsi ilə) və sair.
"Yol hərəkəti ilə bağlı yalnız müəyyən məhdudiyyətlər var, onlar təhlükəsizlik tələbləri ilə bağlıdır", - deyə mənbə əlavə edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.