...

Avropa Şurası Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər edilməsinə çağırıb

Siyasət Materials 28 Aprel 2006 15:31 (UTC +04:00)

Azərbaycanda prezident seçkilərinin hələ tezliklə deyil, 2008-ci ildə keçiriləcəyinə baxmayaraq, artıq indidən bu istiqamətdə ciddi hazırlıq işlərinə başlanılmalıdır. Eyni zamanda, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində də addımlar atılmalıdır. Trend in verdiyi məlumata görə, bu barədə aprelin 28-də Bakıda "2005-ci il 6 noyabr seçkilərinin nəticələri və seçki hüququ və təcrübəsi məkanında əməkdaşlığın perspektivləri" mövzusunda keçirilən dəyirmi masada Avropa Şurası Siyasi məsələlər üzrə Baş idarəsinin müşaviri Plamen Nikolov məlumat verib.

O deyib ki, Azərbaycan hakimiyyətinin 2005-ci il 6 noyabr parlament seçkilərinin demokratik keçirilməsi istiqamətində addığı addımlara baxmayaraq, seçki prosesi hələ də AŞ-nın standartlarına cavab vermir.

"Seçkilərdən sonra Azərbaycan tərəfinə pozuntu faktlarının araşdırılması üçün tövsiyələr təqdim edilib. Orada həmçinin, Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı xahiş də yer alıb", - deyə P. Nikolov xatırladıb.

Öz növbəsində, Beynəlxalq seçki sistemləri üzrə Fondun (IFES) eksperti Deniel Blessinqton (Daniel Blessington) qeyd edib ki, bütün dünyada qanunvericiliyin təkmilləşdirilməsi proseslərindən danışarkən Azərbaycan tərəfini bu istiqamətdə addımları davam etdirməyə çağırır.

O bildirib ki, 2005-ci ildə seçki kampaniyasında müəyyən səhvlər olsa da, müsbət məqamlar da olub. Bunlara misal kimi o, Azərbaycan prezidentinin seçki təcrübəsinin təkmilləşdirilməsi, eləcə də MSK-nın əhali arasında maarifləndirmə işləri barədə iki sərəncamının adını çəkib.

"Lakin qeyd etməyə dəyər ki, 460 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi heç də Azərbaycan MSK-sınin ciddi pozuntu faktlarının mövcudluğunu etiraf etməsi demək deyil. 2005-ci il noyabr seçkilərindən götürülməsi zəruri olan dərs Seçki Məcəlləsinə böyük diqqətin ayrılması ilə bağlıdır", - deyə D.Blessinqton bəyan edib.

AŞ Venesiya Komissiyasının eksperti Peter Patsolay (Peter Paczolay) bildirib ki, Azərbaycanın AŞ-yə daxil olmasından sonra respublikada demokratik institutların inkişafına böyük ümidlər yaranıb. O qeyd edib ki, respublikanın Seçki Məcəlləsində bir sıra dəyişikliklərin edilməsinə baxmayaraq, bu sahədə problemlər hələ də qalmaqdadır.

Öz növbəsində, Milli Məclisin deputatı, AŞPA-da Azərbaycanın parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov 6 noyabr seçkilərini Avropaya inteqrasiya istiqamətində yeni mühüm addım adlandırıb. "Eyni zamanda, seçkilər onun gedişində çatışmazlıqların gələcəkdə ləğv olunması üçün analiz olunmasının vacibliyini göstərdi", - deyə S.Seyidov bildirib.

O, AŞ tərəfindən Azərbaycanın nümayəndə heyətinin mandatının təsdiq olunmasında nümayiş olunan konstruktivizmi yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti