...

Məzahir Pənahov: "Beynəlxalq təşkilatların nümayəndələri MSK-ya daxil olmuş şikayətlərə bizimlə birgə baxsınlar"

Siyasət Materials 5 May 2006 18:48 (UTC +04:00)
Məzahir Pənahov: "Beynəlxalq təşkilatların nümayəndələri MSK-ya daxil olmuş şikayətlərə bizimlə birgə baxsınlar"

"Mən beynəlxalq təşkilatların nümayəndələrini dəvət edirəm, MSK-ya daxil olmuş şikayətlərə gəlib bizimlə birgə baxsınlar və araşdırma aparsınlar". Trend in məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. O, beynəlxalq təşkilatların müşahidə missiyalarının, Azərbaycanda fəaliyyət göstərən bəzi xarici diplomatların tənqidi fikirlərinə münasibət bildirərkən deyib ki, onların MSK-nın şikayətlərə baxmaması barədə söylədikləri tamamilə yanlışdır.

Məzahir Pənazov deyib ki, beynəlxalq müşahidəçilərlə görüşdə bu məsələ barədə ətraflı məlumat verir, həmçinin onlardan narazılıqlarla bağlı konkret faktlar söyləməsini tələb edir: "Çünki görüşlərdə onlar ümumi sözlərlə fikirlərini ifadə edirlər. Lakin mən isə bildirirəm ki, konkret faktları söyləyin ki, biz hansı şikayətlərə baxmırıq. Əlbəttə, biz demirik ki, bütün şikayətlərə ideal şəkildə baxırıq. Amma beynəlxalq qurumların nümayəndələrinin söylədiyi şəkildə ümumi sözlərlə ictimaiyyəti çaşdırmaq lazım deyil. Bizim bu müzakirələrdən sonra Onlar yenə də kütləvi informasiya vasitələrinə açıqlamalar verirlər ki, MSK-ya daxil olan şikayətlərə baxılmır, bu sahədə problemlər var. Mən bu mövqeyi başa düşə bilmirəm. Bütün beynəlxalq qurumların nümayəndələrinə müraciət edirəm və onları dəvət edirəm, gəlib istədikləri şikayətləri bizimlə birgə araşdırsınlar. MSK bu işdə onlar üçün bütün şəraiti yaratmağa hazırdır. Lakin bir tələbimiz var ki, yalnız Seçki Məcəlləsinin, seçki Təlimatının şərtləri, onun verdiyi imkanlar çərçivəsində araşdırılsın"-deyə M.Pənahov vurğulayıb.

M.Pənahovun sözlərinə görə, seçici siyahıları barəsində tənqidi fikirlər də əsaslı deyil. MSK sədri qeyd edib ki, dünyanın heç bir ölkəsinin seçki sistesində Azərbaycanda olduğu kimi seçicilərin adları, ünvanları, məntəqələr elektron vasitələrlə yayımlanmır. M.Pənahov qeyd edib ki, bu fikirlərini beynəlxalq qurum və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilən konfranslarda da diqqətə çatdırıb: "London kimi şəhərdə seçicilərin yalnız 3-5 faizinin dəqiqləşdirilməsi mümkün olub. Azərbaycanda istənilən adam məntəqələrdə, həmçinin ienternet səhifəsi vasitəsilə adlarını siyahıda axtara bilər. Biz heç kimin yanında gözü kölgəli deyilik. Heç kəs də görülən işlərə kölgə salmaq iddiasında olmasın". M.Pənahov vurğulayıb ki, xarici nümayəndələrinin MSK-nın fəaliyyətinə dair yersiz iddiaları onların qərəzli mövqeyi göstərir.

Xəbər lenti

Xəbər lenti