...

Samir Şərifov: "Müdafiə xərcləri 54,8 milyon manat artırılaraq 641,7 milyon manata çatdırılacaq"

Siyasət Materials 26 May 2006 16:18 (UTC +04:00)

Azərbaycanın müdafiə xərcləri 54,8 milyon manat artırılaraq 641,7 milyon manata çatdırılacaq. Trend xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisin mayın 26-da keçirilən növbəti iclasında ölkənin 2006-cı il dövlət büdcəsi haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi zamanı bildirib.

Nazir qeyd edib ki, dövlət büdcəsində edilən dəyişikliklərlə yanaşı icmal büdcədə də müvafiq dəyişikliklər edilib: "Bu məqsədlə 2006-cı ilin icmal büdcəsində dürüstləşmə aparılmaqla gəlirlərin 591,2 miylon manat və ya 13,9 faiz artırılaraq 4 milyard 846 milyon manata, xərclərinin 617 milyon manat və ya 13,5 faiz artırılaraq 5 milyard 203 milyon manata çatdırılması planlaşdırılıb".

S.Şərifov onu da bildirib ki, dövlət büdcəsi xərclərinin artımı üçün nəzərdə tutulan vəsaitin 271,3 milyon manatı və ya 63 faizi dövlət investisiya xərclərinə, 159,2 milyon manatı və ya 37 faizi digər zəruri xərclərin maliyyələşməsinə yönəldiləcək. Nazir vurğulayıb ki, dürüstləşdirmə çərçivəsində vəsaitlərin bölgüsü zamanı ölkənin müdafiə qabiliyyətinin artırılması və təhlükəsizliyin gücləndirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, regionların sosial iqtisadi inkişafı, investisiya fəaliyyətinin genişləndirilməsi prioritet istiqamətlər kimi ön plana çəkilib: "Dövlətin müdafiə qüdrətinin gücləndirilməsi ilə bağlı müdafiə xərcləri 54,8 milyon manat (2005-ci ilə nisbətən 222,8 faiz) artırılaraq 641,7 milyon manata çatdırılacaq".

Nazir bildirib ki, müdafiə xərcləri büdcə artımının 12,7 faizini təşkil etməklə əsasən hərbi sənaye kompleksinin inkişafına, müdafiə və təhlükəsizlik sahəsində maddi-texniki təminatın yaxşılaşdırılmasına, pensiyalar da nəzərə alınmaqla hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə və rütbə maaşlarının artırılmasına, dizel yanacağının və ağ neftin qiymətinin qalxması ilə əlaqədar tələb olunan əlavə yanacaq xərclərinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti