...

Elmar Məmmədyarov Gürcüstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Konstantin Kemulariyanı qəbul edib

Siyasət Materials 28 İyun 2006 19:42 (UTC +04:00)

İyunun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Konstantin Kemulariyanı qəbul edib. Bu barədə Trend ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qonaq, Azərbaycanda olduğundan məmnun qaldığını söyləyib. O, xalqlarımız arasında dərin tarixi və mədəni əlaqələrin mövcud olduğunu qeyd edərək, bu münasibətlərin hazırda müsbət istiqamətdə inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb.

Regionda indiyədək dondurulmuş münaqişələrin mövcud olması probleminə toxunan nazir Elmar Məmmədyarov, bu münaqişələrin ölkələrimizin inkişafına və regionda beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsinə ciddi əngəl törətdiyini söyləyib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesinə toxunaraq vurğulayıb ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri və Azzrbaycan Respublikasının Konstitusiyası əsasında öz həllini tapmalıdır.

Kemulariya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan dansışqlar prosesində Azərbaycan tərəfinin mövqeyini dəstəklədiyini söyləyib. O, bildirib ki, Dağlıq Qarabağın Azərbaycanlı əhalisinin öz doğma torpaqlarına qayıtmaq imkanı olmadan və onların hüquqları tam bərpa edilməmiş regionun siyasi statusunun müəyyən edilməsi haqda fikirlər irəli sürmək beynəlxalq hüququn norma və prinsiplərinə qətiyyən uyğun gəlmir.

Daha sonra nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstanın ikitərəfli, həmçinin reallığa çevrilmiş Bakı-Tbilisi-Ceyhan və digər nəzərdə tutulan irimiqyaslı beynəlxalq iqtisadi layihələrin hazırlıq işlərinin uğurla həyata keçirilməsini önə çəkərək, bu layihələrin xalqlarımızın milli maraqlarına xidmət etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti