...

Millət vəkili Fazil Qəzənfəroğlu: "Müxalifət deputat qrupu fəaliyyətini dayandırıb"

Siyasət Materials 19 Dekabr 2006 17:27 (UTC +04:00)

Milli Məclisdə təmsil olunan bir qrup müxalifətçi deputatın yaratdığı Müxalifət deputat qrupu fəaliyətini dayandırıb. Bu sözləri Trend ə açıqlamasında Müxalifət deputat qrupunun üzvü, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu deyib.

O bildirib ki, qrupda təmsil olunan deputatlardan heç kim bir araya gəlmək üçün təşəbbüs göstərmir. "Görünür, heç kim bir yerdə fəaliyyət göstərməkdə maraqlı deyil. Müxalifəti təmsil edən deputatlar fərdi fəaliyyət göstərməyə üstünlük verirlər" - deyə F.Qəzənfəroğlu vurğulayıb.

Xatırladaq ki, Milli Məclisdə müxalifəti təmsil edən deputatların bir qrupda birləşməsi problemə çevrilib.

Müxalifəti təmsil edən bir qrup millət vəkili Müxalifət deputat qrupu yaratmışdılar.

Parlamentdə 5 deputatla təmsil olunan müxalifətçi Müsavat Partiyasından olan millət vəkilləri isə bu qrupa qoşulmaqdan imtina edərək Müsavat deputat qrupu yaradıblar.

Müxalifəti təmsil edən iki deputat qrupunun birləşməsinə gəlincə, Fazil Qəzənfəroğlu vurğulayıb ki, bunun reallaşdırılması baş tutmayıb. "Dar çərçivədə birləşməklə bir iş görmək mümkün olmur. Ona görə də daha geniş şəkildə birləşməklə bağlı müzakirələr gedir. Bununla bağlı müəyyən ideyalar var. Görək, müzakirələr neçə yekunlaşır" - deyə Fazil Qəzənfəroğlu qeyd edib.

Qeyd edək ki, müxalifətyönlü Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri millət vəkili Fazil Qəzənfəroğludur.

Xəbər lenti

Xəbər lenti