...

"Hərbi qulluqçuların hərbi xidmət keçməsi haqqında qanun"a təklif olunan dəyişikliklər qəbul edilib

Siyasət Materials 22 Dekabr 2006 16:45 (UTC +04:00)

Milli Məclisin dekabrın 22-də keçirilən iclasında "Hərbi qulluqçuların hərbi xidmət keçməsi haqqında qanun"a təklif olunan dəyişikliklər qəbul edilib.

Trend in məlumatına görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri, parlament sədrinin birinci müavini Ziyafət Əsgərov layihədə əks olunan təkliflər haqqında məlumat verərkən bildirib ki, dəyişikliklər orduda əsgərlərin sayının artırılması zərurətindən irəli gəlir.

Qanuna edilən dəyişikliklərdə magistraturaya və aspiranturaya sənəd verənlərin, 2-ci qrup əlillərin himayəsində olan və himayəsində 2-ci qrup əlillər olan şəxslərin hərbi xidmətdən azad olunması güzəşti ləğv edilir, orduya çağırış müddəti 20 gündən 30 günə qədər artırılır.

Daha bir dəyişikliyə əsasən, bundan sonra çağırışçılara orduya çağırış vərəqəsi göndərilməyəcək. Azərbaycan prezidentinin həqiqi hərbi xidmətə çağırış və müddətli hərbi qulluqçuların ehtiyata buraxılması barədə fərmanı elan olunduqdan sonra 30 gün ərzində çağırışçıların özləri müvafiq yerli hərbi komissarlıqlara getməlidirldər. Əks halda onlara qarşı cinayət işi qaldırılacaq.

Z.Əsgərov qeyd edib ki, bu gün ölkənin vergi, gömrük, ədliyyə və prokurorluq orqanlarında işləyən və rütbəsi olan şəxslərin xeyli hissəsi hərbi xidmətdə olmayıb. "Biz hesab edirik ki, gələcəkdə Azərbaycanın vergi, gömrük, ədliyyə və prokurorluq orqanlarında işləmək istəyən və rütbə almaq niyyətində olan şəxslər mütləq hərbi xidmətdə olmalıdırlar" - deyə o vurgulayıb.

Ana Iətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, istedadlı gənclər üçün güzəştlər nəzərdə tutulmalı və bakalavr pilləsini bitirənlərə magistraturaya sənəd vermək imkanı yaradılmalıdır.

Buna cavab olaraq Z.Əsgərov bildirib ki, hər bir çağırışçı orduda xidmət etməlidir, "çünki burda söhbət kişi formalaşdırmaqdan gedir. Biz əvvəllər nəzərdə tuturduq ki, ali təhsilli əsgərlərin də hərbi xidmət müddətini bir il altı ay edək. Ancaq Azərbaycan prezidenti İlham Əliyev humanistlik göstərərək ali təhsilli əsgərlər üçün hərbi xidmət müddətini bir ildə saxladı" - deyə parlament sədrinin müavini bildirib.

Müdafiə Nazirliyinin təhsil şöbəsinin rəisi, general-mayor Çingiz Məmmədov qeyd edib ki, çağırışçı olan hər bir vətəndaşın orduda xidmət etməsi vacibdir.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov isə bildirdi ki, hərbi xidmətə çağırılan şəxslər geri qayıtdıqdan sonra əvvəllər işlədikdəri müəssələrə işə bərpa olunmalıdırlar.

Deputat Zahid Oruc isə qeyd etdi ki, Azərbaycan ordusu NATO və Rusiya hərbi modeli arasında qalıb və ciddi problemlər yaradır. "Azərbaycan hansı sistemə üstünlük verdiyini dəqiqləşdirməlidir."

Millət vəkili Qənirə Paşayeva isə deyib: "Hamıya güzəşt ediləcəyi təqdirdə torpaqlarımızı işğaldan kim azad edəcək?"

Deputatlardan Azay Quliyev, Musa Quliyev, Aydın Həsənov, Məlahət Həsənova, Şəmsəddin Hacıyev və digərləri çıxış edərək bir sıra təkliflər veriblər. Müzakirələrdən sonra dəyişikliklər qəbul olunub.

Xəbər lenti

Xəbər lenti