...

YAP Balakən rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 5 Fevral 2007 19:42 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının növbəti - III konfransı keçirilib. YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, konfransda 55 ərazi ilk təşkilatından seçilmiş 321 nümayəndə iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə eks-prezident Heydər Əliyevin adını daşıyan parka gələrək, onun abidəsini ziyarət edib, büstün önünə əklillər qoyublar..

YAP rayon təşkilatının sədri Akif Uluxanovun hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan ötən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilib, qarşıda duran vəzifələrə toxunulub.

O bildirib ki, 55 ərazi ilk təşkilatını özündə birləşdirən Balakən təşkilatının hazırda 2800 nəfərə yaxın üzvü var. Üzvlərin 1200 nəfərdən çoxu gənclərdir. Əvvəlki konfransdan keçən dövr ərzində rayon təşkilatının sıraları daha da genişlənib, 300 nəfərə yaxın balakənli partiya sıralarına qəbul olunub. Konfransda YAP icra katibinin müavini, Milli Məclisin deputatı Səyavuş Novruzov, YAP Siyasi Şurasının üzvü, parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov və Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edərək ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən YAP-ın Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan danışıblar, 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı rayon təşkilatının üzvlərinə tövsiyələrini veriblər.

Konfransda təşkilati məsələlərə də baxılıb, Akif Uluxanov yenidən YAP Balakən rayon təşkilatının sədri seçilib.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevə müraciət qəbul olunub.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti