...

Azərbaycan prezidentinin şəxsi nümayəndəsi: "Ermənistanın sülh danışıqlarında siyasi iradə göstərməməsi bir qrup şəxsin maraqlarına xidmət edir"

Siyasət Materials 16 May 2007 15:57 (UTC +04:00)
Azərbaycan prezidentinin şəxsi nümayəndəsi: "Ermənistanın sülh danışıqlarında siyasi iradə göstərməməsi bir qrup şəxsin maraqlarına xidmət edir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənistanın sülh danışıqları prosesində siyasi iradə nümayiş etdirməməsi bu ölkədəki bir qrup şəxsin maraqlarına xidmət edir. İctimai Televiziya xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, Dağlıq Qarabağ münaqişəsi üzrə prezidentin şəxsi nümayəndəsi Araz Əzimov çərşənbə günü açıqlama verib.

Əzimov deyib ki, Ermənistanın vətəndaş cəmiyyəti nəhayət, özünün maraqları haqqında fikirləşməlidir. Nazir müavini hesab edir ki, Ermənistanda bütöv cəmiyyətin deyil, yalnız bir qrup şəxsin maraqları təmin olunur. O, həmçinin əlavə edib ki, Ermənistan Azərbaycanla müharibə aparmasından, torpaqlarını işğal etməsindən heç nə qazanmayıb.

Əzimov bildirib ki, "Praqa prosesi" çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilməlidir. O, sülh danışıqları ilə bağlı ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzanın açıqlamalar verməsini şərh edərkən deyib ki, bu, ABŞ-ın maraqlarından irəli gəlir. Həmçinin Brayzanın açıqlamalar verməsi Minsk qrupu həmsədrlərinin bilavasitə hansısa formada cəmiyyətə məlumat çatdırmaq cəhdidir.

Əzimov Azərbaycan prezidenti İlham Əliyevin də sülh danışıqlarının məxfi detallarını ictimaiyyətə açıqlamasına münasibət bildirərkən bunun Qarabağ probleminin həllinə mənfi təsir göstərmədiyini deyib: "Çünki bununla cəmiyyətə məlumat çatdırılır. Prezident Əliyev prinsipial formada və lazım olan anda öz mövqeyini çatdırır. Bu baxımdan onun açıqlamalarının danışıqlar prosesinə mənfi təsiri yoxdur" - deyə Əzimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti