...

Azərbaycan prezidenti ABŞ prezidentinə təbrik məktubu göndərib

Siyasət Materials 3 İyul 2007 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarinin prezidenti Corc Buşa ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Trend xəbər verir.

Məktubda Birləşmiş Ştatların hazırda bütün dünyada mütərəqqi proseslərin, eyni zamanda qlobal təhlükələrə və çağırışlara qarşı mübarizənin önündə getdiyi, sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ümumbəşəri dəyərlərin və sivilizasiyanın qorunması naminə ardıcıl səylər göstərdiyi qeyd edilir. "Bu qəbildən Birləşmiş Ştatların beynəlxalq terrorizmə qarşı mübarizəsi, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyəti çox dəyərlidir və biz də öz növbəmizdə bu işə töhfəmizi verməyə çalışırıq". Azərbaycavn prezidenti ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini də nəzərə çatdırır, Xəzərin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsində, enerji daşıyıcılarının hasilatında və onların dünya bazarlarına nəqli üçün irimiqyaslı transmilli nəqliyyat infrastrukturunun yaradılması layihələrinin gerçəkləşdirilməsində Birləşmiş Ştatların prinsipial mövqe və hərtərəfli dəstək göstədrdiyini bildirir. Məktubda Birləşmiş Ştatların Azərbaycanda cəmiyyətin demokratikləşdirilməsi proseslərinə də daim maraq, diqqət və yardımı göstərdiyi qeyd olunur.

"Birləşmiş Ştatların regionumuzda sülhün, sabitliyin bərqərar olması yolunda davamlı səyləri ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılacağına böyük ümidlər doğurur. İnanırıq ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatların iradəsi və vasitəçiliyi ilə haqq-ədalət tezliklə öz yerini tutacaq, Ermənistanın təcavüzünə son qoyulacaq, Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, qaçqın və köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar" - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti