Azərbaycan, Bakı, 12 may /müx.TrendLife Şahin Cavadsoy/
Türkiyənin "Star" tele-kanalında müəllif proqramı ilə efirə çıxacağı gözlənilən bəstəkar-müğənni Rəhim Rəhimli son məqamda fikrindən yayınıb. TrendLife-a danışan sənətçi "gəzməyə qərib ölkə, sevilməyə vətən yaxşı" atalar məsəlinə əməl edib, özünə belə haqq qazandırdı: "Qəti qərarımı açıqlamamışdım ki, hansısa turk televiziyalarının birində aparıcılıq edəcəyəm. Söhbət o qədər böyüdü ki, indi olanlara şərh verməkdə özüm maraqlıyam. Əslində mənə iki yerli tele-kanallarımızıdan veriliş aparmaq təklifi gəlib. Özündən razılıq kimi çıxmasın, amma hələ də seçim edirəm. Digər tərəfdən isə yay mövsümü başlayır. Və bəllidir ki, efir məkanında proqramların bir çoxunun təkrarı yayımlanır. Ona görə də sentyabr ayında öz layihəmi hazırlamağı düşünürəm".
Yaradıcılığı barəsində də məlumat verən R.Rəhimli, həmkarlarına yeni mahnılar yazdığını da gizlətmədi: "Bir bəstəkar kimi yeni mahnılarım dinləyicilərə təqdim olunub. Ən son bəstələdiyim "Bay-bay" mahnısı, müğənni Zamiqin repertuartında sevilən hitlərdən birinə çevrilib. Bu yaxınlarda isə mahnılarımı digər sənətçilər - əməkdar artistlər - Aygün Kazımova, Almaz Ələsgərova; müğənnilər - Röya Ayxan, Zaur Əmiraslanov, Yaşar oxuyacaqlar. Özüm də şairə Leylinin sözlərinə yeni bir mahnı bəstələmişəm. Çox güman ki, yaxın ərəfələrdə bu mahnıya klip çəkdirəcəyəm".