...

Azərbaycanın dini lideri bütün ermənilərin katolikosu ilə dialoqa hazırdır

Cəmiyyət Materials 2 İyul 2009 18:49 (UTC +04:00)
Azərbaycanın dini lideri bütün ermənilərin katolikosu ilə dialoqa hazırdır

Qazaxıstan, Astana, 02 iyul / Trend , müxbir K.Konırova /

Qafqaz müsəlmanlarının dini lideri bütün ermənilərin katolikosu ilə dialoqa hazır olduğunu bildirib.

"MDB ölkələrinin müsəlman liderlərinin Məsləhət Şurasının sədri kimi, mən bütün ermənilərin katolikosu II Qareqinə dinlərarası dialoq və əməkdaşlıq üzrə beynəlxalq konsfransa dəvət göndərmişəm. Onun gəlib-gəlməyəcəyi isə öz qərarından asılı olacaq. Öz tərəfimdən mən həmişə dialoqa hazıram", - cümə axşamı Astanada Trend -a Qafqaz Müsəlmanları idarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

Dinlərarası dialoq və əməkdaşlıq üzrə beynəlxalq konsfrans 2010-cu ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək.

"Dəvət olunanlar sırasında yalnız ruhani nümayəndələr olacaq və onların sıraları çox genişdir", - Paşazadə bildirib. - Biz hətta Roma Papasını da dəvət etmək fikrindəyik". 

Ermənistanın dini qüvvələrinin Dağlıq Qarabağ münaqişəsini "dini müharibələr üçün məkan" kimi istifadə etmək cəhdləri haqqında danışarkən Paşazadə deyib ki, bu problem münaqişənin başlanğıcından xüsusilə kəskin idi. "Həlak olanları biz şəhid adlandırırıq və o zaman gördüklərimiz yalnız qəzəb yaradırdı. Həlak olmuş müsəlmanların cəsədləri üzərində xaçlar - xristian işarələri kəsilirdi. O vaxt münaqişə iki dinin mübarizəsi xarakterini almışdı. O zaman münaqişənin dini münaqişəyə çevrilməməsi üçün Moskva Patriarxı Aleksi mənə çox kömək etdi", - QMİ rəhbəri deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Din xadimləri həmişə Azərbaycanın ərazi bütövlüyü mövqeyindən çıxış ediblər və edəcəklər də, ancaq biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq", - Paşazadə bildirib. "O zaman biz girov və hərbi əsirlərin azadlığa buraxılması təklifi ilə çıxış etdik və bir neçə nəfəri azad etməyə nail olduq. Buna görə də qeyd etmək istəyirəm ki, din xadimlərinin görüşü yaxşı nəticələr verir və biz əməkdaşlığı davam etdirmək istəyirik", - o bildirib. 

Paşazadənin sözlərinə görə, dini liderlər münaqişələri güc deyil, danışıqlar və sülh yolu ilə həll etməkdə siyasətçilərə yardımçı olmağa hazırdırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti