...

Azərbaycanda elm və təhsil nazirliyi yaradılmalıdır – parlament deputatı

Cəmiyyət Materials 9 Dekabr 2009 17:00 (UTC +04:00)
"Elm və təhsilin daha artıq koordinasiyasına nail olunması, bu iki vacib istiqamətin idarəçiliyində ortaq təmayüllərin bərqərar edilməsi üçün iki şəbəkəni birləşdirərək vahid elm və təhsil nazirliyinin yaradılması daha məqsədəuyğun olardı", - çərşənbə günü Trend News-a Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rəfael Hüseynov bildirib.
Azərbaycanda elm və təhsil nazirliyi yaradılmalıdır – parlament deputatı

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir A.Hüseynbala/

Parlament deputatı düşünür ki, Azərbaycanda elm və təhsil nazirliyi yaradılmalıdır.

"Elm və təhsilin daha artıq koordinasiyasına nail olunması, bu iki vacib istiqamətin idarəçiliyində ortaq təmayüllərin bərqərar edilməsi üçün iki şəbəkəni birləşdirərək vahid elm və təhsil nazirliyinin yaradılması daha məqsədəuyğun olardı", - çərşənbə günü Trend -a Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rəfael Hüseynov bildirib.

Trend -un arayışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təhsil və elm sahəsindəki problemlərə həsr olunan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi "Azərbaycan" qəzetinin dekabrın 8-dəki sayında çap olunub.

Hüseynovun sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin elm və təhsil sahəsindəki problemlərlə bağlı məqaləsi zamanın tələbatı kimi qəbul olunmalıdır. "Elmlər Akademiyasının fəaliyyətinin yeniləşməsinə ciddi ehtiyacı var. Bu ətalətdən çıxmağın mümkün vasitələrindən biri akademiyanın təhsil şəbəkəsi ilə münasibətlərinin qurulmasından keçir. Ali məktəblərin magistratura təhsil sistemi akademiya səmtə daha artıq yönəldilməlidir", - millət vəkili əlavə edib.

Onun fikrincə, humanitar və ictimai elmlər sahəsində, təhsil şəbəkəsində köklü islahatlar olmadan müvəffəqiyyətə ümid bəsləmək əbəsdir. "Təkliflər, ideyalar, cizgilər çoxdur və onların əsasında mükəmməl islahat planı hazırlanmalı, dərhal da icrasına başlanmalıdır", - Hüseynov vurğulayıb.

Millət vəkili uzunmüddətli islahatları aparmaqla yanaşı, bəhrəsini dərhal verən islahatlar haqqında da düşünməyin vacib olduğunu qeyd edib: "Azərbaycan televiziyasında ayrıca "Elm və tədris kanalı"nın yaradılması düşünürəm ki, bu yöndə ən qısa müddətdə nəzərəçarpacaq səmərə verə bilərdi".

Bu kanalda gün ərzində həm müxtəlif öyrədici, maarifçi səciyyəli yerli və xarici verilişlər və filmlər nümayiş etdirilə, həm ölkənin ən mahir orta və ali məktəb pedaqoqları ayrı-ayrı fənlər üzrə dərslər keçə, həm də vaxtaşırı olaraq respublikanın elm və təhsil həyatındakı nailiyyətlərdən, problemlərdən, təşəbbüslərdən söz açıla bilər", - akademiyanın müxbir üzvü bildirib.

Millət vəkilinin fikrincə, elm sahəsində nailiyyətlər əldə etmək üçün AMEA-nın bəzi institutlarının birləşdirilməsinə də ehtiyac var. "Bu zaman qeyri-məhsuldar, vaxt öldürən, faydasız, səviyyəsiz və elmsiz elmi işçilərdən azad olmağın zərurəti məsələsi ortaya çıxacaq", - Hüseynov xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti