...

ADNA-da baş vermiş terror aktı il bağlı məhkəmədə şahidlər ifadə verib

Cəmiyyət Materials 5 May 2010 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir H.Bağırov/

Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində törədilmiş terror aktı ilə bağlı məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə şahid qismində Azərbaycan Dövlət Neft Akademiyasının müəllimi Şirin Baxşəliyeva ifadə verib. O bildirib ki, hadisə baş verən gün akademiyanın 2-ci korpusunun 2-ci mərtəbəsində imtahan keçirilən zalda olub.

Onun sözlərinə görə, otaqda olarkən dəhlizdən səs gəlib və onlar çölə çıxıblar.

"Mən Səməd müəllimlə birlikdə çölə çıxanda bir nəfər səs-küy salırdı. Biz elə bildik, tələbələrdir, bir-birləri ilə zarafat edirlər. Şəfa müəllimdə kolidorda idi. O, həmin şəxsin üstünə qışqırdı ki, sakit olsun. Həmin silahlı şəxs ilk olaraq Şəfa müəllimə atəş açdı. Bundan sonra Faiq müəllimi vurdu, Səməd müəllim məni içəri saldı ki, bu şəxs zarafat etmir. Biz içəridən qapını arxadan bağladıq. Həmin şəxs qapını içəridən açmaq istəsə də, aça bimədi. Həmin şəxsin şəxsiyyət vəsiqəsini mənə göstərdilər, üz-üzə gəldiyimiz üçün onu tanıdım. Amma sonra onun ölmüş meyitinin şəklini mənə göstərdilər, tanımadım", - şahid deyib.

Hadisə zamanı akademiyanın mühafizəçisi işləmiş 70 yaşlı Bibixanım Rzayeva şahid qismində ifadə verib. Rzayeva bildirib ki, hadisə baş verməmişdən əvvəl səhər naharı etmək üçün bufetə gedib.

"Mən orda olarkən bayırdan partlayış səsi gəldi. Dedim ki, bayırda "zırpaket" partladırlar. Bir qədər sonra gördüm ki, uşaqlar səs-küy salırlar. Bu zaman binanın pəncərəsi sındı. Qapıdan baxanda əlisilahlı şəxs gördüm. Həmin şəxs atəş açırdı. Mən özümü qorumaq üçün stolun altına girdim. Ordan baxanda gördüm ki, əlində silah olan şəxs qarşısına çıxanı başından vurur", - mühafizəçi deyib.

Rzayeva daha sonra ifadəsində bildirib ki, polis gəlməmiş yaralıların binadan çıxarılmasına icazə verilməyib. Onun sözlərinə görə, polis hadisə yerinə, təxminən, 20 dəqiqə sonra gəlib: "Bundan sonra yaralıların içəridən çıxarılmasına icazə verilib".

Hadisənin şahidi olmuş akademiyanın tələbələri Orxan Qasımov, Nofəl Məmmədov və Elnur Mirzəzadə ifadə veriblər.

Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində törədilmiş terror aktını sifariş vermiş erməni barəsində beynəlxalq axtarış elan olunub. Dövlət ittihamçısı Yusif Abdullayev bu barədə ötən prosesdə məlumat verib. O bildirib ki, cinayətin sifarişçisi, erməni Martin Qumaşyan barəsində cinayət işi ayrı icraatda aparılır və həmin şəxs İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb.

Cinayət işi üzrə Əmirov Cavidan Fərman oğlu, Əliyev Nadir Şirxan oğlu, Süleymanov Nəcəf Novruz oğluQabulov Ariz Zahid oğlu həbs edilib və barələrində cinayət işi açılıb.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti