...

Çoxarvadlılıq İran mentalitetində əxlaqsızlıqdır - Nobel mukafatı laureatı

Cəmiyyət Materials 1 Sentyabr 2010 09:00 (UTC +04:00)
2003-cü ildə Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Şirin Ebadinin İranda çoxarvadlılıq və evli kişilərin müvəqqəti evlənmələri ilə bağlı Trend-ə müsahibəsi
Çoxarvadlılıq İran mentalitetində əxlaqsızlıqdır - Nobel mukafatı laureatı

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir D.Xatınoğlu/

2003-cü ildə Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Şirin Ebadinin İranda çoxarvadlılıq və evli kişilərin müvəqqəti evlənmələri ilə bağlı Trend-ə müsahibəsi

- Hazırda İran parlamentində müzakirə olunan "Ailənin mühafizəsi haqqında" qanun layihəsi ilə bağlı son vaxtlar etirazlar səngimir. Avqustun 30-da parlamentin iclasında bu qanunun müvəqqəti evlənmə, yenidən evlənmə və mehriyyə (başlıq pulu) haqqında olan 22, 23 və 24-cü maddələri baxılması üçün Hüquq siyasəti və dövlət quruculuğu komissiyasına göndərilib. Siz bu layihəni necə qiymətləndirirsiniz?

- Bu qanun layihəsi ailə bünövrəsini möhkəmləndirmək əvəzinə, onun dağılmasına səbəb olur. Ona görə ki, bu qanun çoxarvadlılığın geniş yayılmasına şərait yaradır. Bundan başqa, İran mentalitetində əxlaqsızlıq hesab olunan müvəqqəti nikahı qanuniləşdirir. İranda bütün qadınlar bu qanun layihəsinə qarşıdırlar və mən təəssüf edirəm ki, İranda xalq demokrasiya uğrunda mübarizə aparıldığı və bütün diqqətin xalqın azadlıq mübarizələrinə yönəldiyi bir vaxtda hökumət vəziyyətdən sui-istifadə edib belə bir layihəni parlamentdə müzakirəyə çıxarıb. Onlar belə düşünürlər ki, xalq öz mülki iddia və istəklərini yaddan çıxaracaq, lakin səhv edirlər, qadınlar öz istəklərindən əl çəkməyəcəklər.

- İranın milli təhlükəsizlik naziri Heydər Müslehi iddia edib ki, ABŞ 1991-2010-cu illərdə ölkədə çevriliş etmək üçün İran feminist hərəkatları və qadın hüquq müdafiəçilərinə 17 milyard dollar ayırıb. Siz bu iddianı necə dəyərləndirirsiniz?

- İranda feminist hərəkatı Yaxın Şərq regionunda mövcud olan feminst hərəkatları arasında ən güclüsüdür. Bunun səbəbi də odur ki, İran qadınları bilikli və savadlıdırlar. İranda tələbələrin 65 faizdən çoxunu qadınlar təşkil edir. Onlar İranda İslam İnqilabından sonra ayrı-seçkilik yaradan qanunlara qarşıdırlar. Təəssüflər olsun ki, İran hökuməti ölkə qadınlarının haqlı istəklərinə diqqət yetirmək əvəzinə, onları əcnəbi ölkələrlə əlbir olmaqda ittiham edir və əlbəttə ki, onların bu iddiaları ilə bağlı heç bir dəlilləri yoxdur.

- İran parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü Musa Qurbani "Ailənin mühafizəsi haqqında" qanun layihəsinin üç ixtilaflı maddəsi ilə bağlı bildirib ki, bu maddələrə düzəlişlər elə edilməlidir ki, nə dini alimlər, nə də qadınlar narazı qalmasınlar. Dini alimlərin inancı və qadınların hüquqları arasında hansı ziddiyyətlər var?

- İranda dini alimlər iki dəstəyə bölünür. Onların bir hissəsinin intellektual səviyyəsi var və "Quran"ı zamanın tələbinə uyğun olaraq müxtəlif təfsir və şərh edirlər. İkinci dəstə isə fundamentalistdirlər. İntelektual dini alimlər İslamı elə izah edirlər ki, qadınların hüquqları ilə ziddiyyət təşkil etmir. Buna misal kimi, onların qadın və kişinin qan bahasının (diyə) bərabər olmasını bildirmələrini, müvəqqəti nikah və qadınlarla bağlı ayrı-seçkilik yaradan qanunlara qarşı olduqlarını göstərmək olar. Deməli, əgər o, modern dini alimləri nəzərdə tutursa, deməliyəm ki, bu cür alimlərin fikirləri qadın hüquqları ilə ziddiyyət təşkil etmir. Belə alimlərdən ayətulah Yusif Sanei və Seyid Məhəmməd Musəvi Bocnurdinin adlarını çəkmək olar. Təəssüflər olsun ki, hökumətin modern dini alimlərlə münasibəti yaxşı deyil. Fundamentalistlərin fikirləri isə qadın huquqları ilə ziddiyyət təşkil edir.

Xəbər lenti

Xəbər lenti