Bakı. Trend:
Slovakiya Çin Xalq Respublikasının Sədri Si Cinpinin ölkəyə səfərini gözləyir.
Trend xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib. Lakin o, səfərin dəqiq tarixini açıqlamayıb.
Fitso əlavə edib ki, yaxın vaxtlarda Almaniya kansleri Fridrix Merts və NATO-nun baş katibi Mark Ruttenin də Slovakiyaya səfərləri planlaşdırılır. “Biz kansler Mertslə onun yaxın gələcəkdə Slovakiyaya səfəri barədə açıq razılığa gəlmişik. Düşünürəm ki, baş katib Mark Rutte də noyabrın 18-də burada olacaq və sonra mən Brüsselə gedəcəyəm”, – baş nazir qeyd edib.
Fitso, həmçinin Rusiyanın dondurulmuş aktivlərinin 140 milyard avroluq hissəsinin Ukraynanın yenidən qurulması və ya yardımı üçün istifadə edilməsi məsələsinə münasibət bildirib. O, bu aktivlərin Kiyevə müdafiə məqsədilə yönəldilməsini dəstəkləmədiyini vurğulayıb.
“Yəqin ki, silah və hərbi xərclərə 140 milyard avro xərcləsək, bunun heç vaxt geri qaytarılmayacağı qənaətinə gələcəyik. Slovakiya hərbi xərclərdə iştirak edə bilməz”, – Robert Fitso bildirib.
