Təfərrüatlar əlavə olunub (ilk xəbər 5 aprel saat 16:03-də yayılıb)
Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/
Çərşənbə axşamı Bakıda yeni sinaqoq açılıb.
Açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məktubda yeni sinaqoqun açılışının böyük hadisə olduğu qeyd edilir. "Azərbaycanın yürütdüyü siyasətin ən vacib məqamlarından biri tolerantlıq olub və həmişə də belə olacaq", - məktubda deyilir.
Açılış mərasimində Ümumdünya Dağ Yəhudiləri Konqresinin baş katibi Akif Gilalovun da təbriki səsləndirilib. Orada sinaqoqların bütün dövrlərdə icmaların vacib elementi olduğu, dindar yəhudilərin başlıca həyat dövrlərinin onunla bağlı olduğu göstərilib.
"Sinaqoqda dua edərkən onlar Tanrıya müraciət edirlər və sadə sözlər iudizmin müdrik prinsiplərini əks etdirir. Yeni sinaqoqun yaranması tolerantlığın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycandakı dini və etnik nümayəndələrə diqqətinin ən yaxşı sübutudur. Çox mühüm bayram olan Pesax ərəfəsində yəhudilərə dəyərli hədiyyə edilib. Başladığımız mədəniyyət və sivilizasiyaların yəhudi-islam dialoqunu davam etdirməyimiz vacibdir. Bu gün Azərbaycandakı yəhudilərlə birgə İsrail, Rusiya, Almaniya, Fransa, Gürcüstan, Böyük Britaniya, Avstriya, ABŞ və Kanadadakı dağ yəhudiləri də sevinir", - məktubda deyilir.
Sinaqoqun açılış mərasimində İsrailin Azərbaycandakı səfiri Lavon Lotem, ABŞ səfiri Metyu Brayza, ölkədə akkreditə olunmuş xarici ölkə səfirliklərinin rəhbərləri, "Krasnaya Sloboda" yəhudi dini icmasının sədri Boris Samanduyev, Bakıdakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının nümayəndəsi Gennadi Zelmanoviç, Avropa Evinin rəhbəri Şaul Davıdov və Azərbaycandakı digər yəhudi təşkilatlarının liderləri iştirak ediblər.
Bu sinaqoq sökülən köhnə sinaqoqdan həm formasına, həm də ərazisinə görə çox fərqlənir. Bu barədə Trend-ə Azərbyacan dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov deyib.
Onun sözlərinə görə, köhnə sinaqoq yüz il bundan əvvəl tikilən pis binada və gəlmək üçün əlverişsiz yerdə yerləşmişdi.
İcma rəhbəri yeni sinaqoqun tikilməsinə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
"Nəhayət Bakıda dağ yəhudilərinin yeni gözəl sinaqoqu tikildi ", - Bakı və Azərbaycan Rus Pravoslav Kilsəsinin yepiskopu Aleksandr Trend ə bildirib. Onun sözlərinə görə, Azərbaycanda islam, xristianlıq, iudizmin nümayəndələri yaşayır və hamı ölkənin çiçəklənməsini istəyir.