...

Azərbaycan Gənclər Fondu bölgələrdə təqdimat mərasimi keçirib

Cəmiyyət Materials 12 İyun 2012 17:33 (UTC +04:00)
Azərbaycan Gənclər Fondu ötən günlərdə böyük təqdimat mərasimi keçirib. İyunun 11-16-da isə Fond təqdimatlara ölkəmizin bölgələrində davam edir.
Azərbaycan Gənclər Fondu bölgələrdə təqdimat mərasimi keçirib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycan Gənclər Fondu ötən günlərdə böyük təqdimat mərasimi keçirib. İyunun 11-16-da isə Fond təqdimatlara ölkəmizin bölgələrində davam edir.

Fonddan Trend-ə verilən məlumata görə, zona mərkəzləri olaraq təyin olunmuş Quba, Qəbələ, Göyçay, Sumqayıt, Salyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayaraq Fond haqqında təqdimat keçirir və gənclərə layihələrini necə maliyyələşdirə biləcəkləri barədə ətraflı məlumat verir.

Fondun əməkdaşları iki qrupa bölünərək müxtəlif istiqamətlərdə yola düşüblər. Təqdimatları Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov və digər əməkdaşlar aparır.

Keçirilən təqdimat mərasimlərinə bölgələrin aktiv gəncləri və gənclər təşkilatları toplanırlar. O cümlədən, müvafiq şəhərlərin və rayonların Gənclər və İdman idarələrinin rəisləri, İcra Hakimiyyəti nümayəndələri təqdimatlarda iştirak edirlər.

Təqdimatlara ilk olaraq bu gün Sabirabad şəhərində start verilib.

Zona mərkəzi olaraq təyin olunmuş Sabirabad şəhərində Sabirabad, Hacıqabul, Saatlı, İmişli, Beyləqan və Şirvan kimi şəhərlərdən gənclər qoşulublar.

Tədbir Sabirabad şəhər Mədəniyyət Evində keçirilib.

Növbəti təqdimat Quba şəhəri Olimpiya Kompleksində baş tutub.

Qubada keçirilən tədbirdə Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Laçın kimi şəhərlərdən gəlmiş gənclər iştirak ediblər.

Bu gün ərzində sonuncu təqdimat Salyan şəhəri Gənclər Mərkəzində keçirilib. Buraya isə müvafiq olaraq Salyan, Biləsuvar, Neftçala, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabaddan gənclər gəlib. Ümumilikdə, hər təqdimatda 150-yə yaxın gənc iştirak edib.

Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti