...

Məleykə Abbaszadə: Buraxılış imtahanlarında adlarını yaza bilməyən 9-cu sinif şagirdləri olub

Cəmiyyət Materials 22 İyun 2012 12:50 (UTC +04:00)
İndiyədək Azərbaycanın buraxılış imtahanı keçirilən rayon və şəhərlərində imtahan verən 83 671 nəfər 9-cu sinif şagirdinin 68 680 nəfəri müsbət nəticə əldə edə bilib.
Məleykə Abbaszadə: Buraxılış imtahanlarında adlarını yaza bilməyən 9-cu sinif şagirdləri olub

Azərbaycan, Bakı, 22 iyun /Trend müxbir İ.İsabalayeva/

İndiyədək Azərbaycanın buraxılış imtahanı keçirilən rayon və şəhərlərində imtahan verən 83 671 nəfər 9-cu sinif şagirdinin 68 680 nəfəri müsbət nəticə əldə edə bilib. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahan vermiş 9-cu sinif məzunlarının yalnız 80 fazi müsbət nəticə göstərib, 20 faizi isə müsbət nəticə göstərə bilməyib.

Abbaszadə deyib ki, imtahandan müsbət nəticə əldə etmək üçün şagirdlər onlara təqdim edilmiş 30 sualdan 5-nə düzgün cavab verməlidirlər.

"Biz yenə də "üç"ü o uşaqlara yazmışıq ki, onlar 5 suala cavab verə biliblər. Amma biz gərək 8-9 suala cavab verənlərə "üç" yazaydıq. Əsas məqsədimiz odur ki, uşaqlarımızın biliyini qiymətləndirək. Uşaqları hüququ cəhətdən cəzalandırmaq bizim məqsədimiz deyil. Ona görə də 5 suala düzgün cavab verə bilənlərə "üç" yazmaq qərarına gəldik. Amma 8 suala düzgün cavab verənlərə "üç" qiyməti yazsaq, bu halda nə qədər uşağın qiymət almayacağını bütün imtahanlar bitdikdən sonra deyə bilərik", - TQDK sədri əlavə edib.

O, bəzi şagirdlərin imtahanda öz ad və soyadlarını da yaza bilmədiyini deyib. Abbaszadə bildirib ki, imtahana gələn şagird boş kart versə də, onun üzərində adını yazmalıdır. Amma adlarını yaza bilməyən 9-cu sinif şagirdləri olub.

"Bu rəqəm çox deyil, hər bir rayonda 5-6 adam var. Amma bu faktın olmasının özü də çox acınacaqlıdır", - TQDK sədri qeyd edib.

Ekspertlərə müraciət edərək onları da həmin suallarla tanış olmağa dəvət edən Abbaszadənin sözlərinə görə, bütün respublika üzrə buraxılış imtahanının keçirilməsi başa çatdıqdan sonra bununla bağlı daha geniş araşdırma aparılacaq.

Abbaszadə deyib ki, indiyədək buraxlış imtahanları keçirilən şəhər və rayonlarda tam orta təhsil səviyyəsi üzrə (11 illik) 57 022 nəfər imtahan verib. Onlardan 52 127 nəfəri imtahandan müsbət nəticə ala bilib. Bakı və Sumqayıt şagirdlərinin 97 faizi bu imtahanlardan müsbət nəticə alıb. Ümumilikdə isə respublika üzrə indiyədək imtahan vermiş bütün 11-ci sinif şagirdlərinin 91,42 faizi müsbət nəticə əldə edib.

"Bu, hələ ilkin nəticələrdir. Hesab edirik ki, respublika üzrə bütün nəticələr belə də qalacaq", - TQDK sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti