...

Azərbaycanda yay və qış vaxtlarına keçidin ləğvinin üstünlükləri

Cəmiyyət Materials 18 Oktyabr 2012 12:36 (UTC +04:00)
Azərbaycanda yay və qış vaxtlarına keçidin ləğvi daha sıx nəqliyyat əlaqələrimiz olan qonşu ölkələrlə eyni saata malik olmaq baxımından əhəmiyyətli ola bilər.
Azərbaycanda yay və qış vaxtlarına keçidin ləğvinin üstünlükləri

Azərbaycan, Bakı, 18 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda yay və qış vaxtlarına keçidin ləğvi daha sıx nəqliyyat əlaqələrimiz olan qonşu ölkələrlə eyni saata malik olmaq baxımından əhəmiyyətli ola bilər. Bunu cümə axşamı Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib.

Deputat hesab edir ki, enerjidaşıyıcılara qənaət baxımından yay və qış vaxtlarına keçməyə bir o qədər də ehtiyac yoxdur.

"Azərbaycanın kifayət qədər enerjidaşıyıcıları var. Bundan başqa, biz hələ enerjiyə qənaət etməyi öyrənməmişik. Bir tərəfdən saatları irəli-geri çəkməklə bir saata qənaət ediriksə, digər tərəfdən saatlarla deyil, sutkalarla, aylarla həm ictimai obyektlərdə, həm şəxsi evlərdə lazım olmayan qədər enerji işlədirik. Daha yaxşı olardı ki, biz enerji sərfiyyatı mədəniyyətini öyrənək və yüksəldək", - o deyib.

İxtisasca həkim olan Quliyev yay və qış vaxtlarına keçidin insan orqanizminə təsirinə də münasibət bildirib.

"Hazırda radiasiya səviyyəsi, suyun, torpağın çirklənməsi artır, qida məhsullarının keyfiyyəti arzu olunan səviyyədə deyil, geni dəyişdirilmiş məhsullar satılır. Bütün bunların fonunda saatın irəli-geri çəkilməsi insan orqanizminə əlavə təsirlər göstərə bilər. Lakin fizioloji olaraq insanlar saat dəyişikliyinə 1-2 günə adaptasiya olurlar", - millət vəkili deyib.

Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına görə, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə ölkə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.

Bu qərarın həyata keçirilməsinə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti