...

TQDK Valideyn-Müəllim Assosiasiyasının iradlarına cavab verdi

Cəmiyyət Materials 8 Fevral 2013 16:07 (UTC +04:00)
Qəbul imtahanına buraxılış rejimi zamanı abituriyentlərin həddindən artıq ciddi şəkildə yoxlanılması prosesini polis əməkdaşları deyil, xüsusi təlimat keçmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşəkarcasına həyata keçirirlər.
TQDK Valideyn-Müəllim Assosiasiyasının iradlarına cavab verdi

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İsabalayeva/

Qəbul imtahanına buraxılış rejimi zamanı abituriyentlərin həddindən artıq ciddi şəkildə yoxlanılması prosesini polis əməkdaşları deyil, xüsusi təlimat keçmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşəkarcasına həyata keçirirlər.

Trend-in məlumatına görə, bu fikirlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyyasının mətbuat xidmətinin Valideyn-Müəllim Assosiasiyasının prezidenti Təranə Şərifovanın ölkənin telekanalarından birində tələbə qəbulu ilə bağlı səsləndirdiyi iradlara münasibət bildirmək məqsədilə yaydığı məlumatda öz əksini tapıb.

Məlumatda qeyd edilib ki, həmin yoxlamalar həm imtahanın obyektiv şəraitdə keçirilməsinə, bütün abituriyentlər tərəfindən heç bir köməkçi vasitələrdən istifadə etmədən yalnız öz biliklərinə əsaslanaraq imtahan vermələrinə, həm də imtahanın, ilk dəfə olaraq kütləvi prosesdə iştirak edən, müxtəlif bölgə və məktəblərdən gələrək eyni auditoriyada imtahan verən abituriyentlərin təhlükəsizliyinə xidmət edir.

Məlumatda bildirilib ki, TQDK-nın həyata keçirdiyi imtahanların idarə olunması 1995-ci ildən başlayaraq ictimai-dövlət prosesi kimi həyata keçirilir. Çünki bilavasitə imtahan binasında imtahan rəhbərləri və nəzarətçi qismində imtahanın idarə olunması TQDK əməkdaşları tərəfindən deyil, məhz ictimaiyyətin nümayəndələri, yəni Milli Elmlər Akademiyasının, ali və orta təhsil müəssisələri, digər qurumların təmsilçiləri tərəfindən həyata keçirilir. Belə ki, hazırda Komissiyada 1000-ə yaxın imtahan rəhbəri və 15 minə yaxın nəzarətçi müəllim haqqında informasiya bazası formalaşıb.

"TQDK-nın apardığı ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının və buraxılış imtahanlarının elmi-statistik təhlilinin nəticələrinin şərhi ilə bağlı bildiririk ki, Komissiya mürəkkəb elmi-metodiki işin bəhrəsi olan bu təhlilə dair belə səviyyədə müzakirələrin aparılmasını və səriştəsiz şərhlərin verilməsini qəbul etmir. Bu təhlil ardıcıl, mahiyyətinə varan, elmi müzakirələrin aparılmasını tələb edir. Belə müzakirələr Təhsil Konsepsiyasının hazırlanmasında iştirak edən mütəxəssislər, - Təhsil Nazirliyinin, TQDK-nın və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən, eləcə də TQDK-da fəaliyyət göstərən, hazırda dərsliklərin və dərs vəsaitlərinin monitorinqi ilə bağlı keçirilən fənlər üzrə seminarlarda bütün pedaqoji ictimaiyyətin nümayəndələri tərəfindən aparılır. Belə məsələlərin siyasi müstəviyə keçirilməsini, ucuz sensasiya mənbəyi kim istifadə olunmasını yolverilməz hesab edirik", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti