...

Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin nümayəndə heyəti Ali Məhkəmədə olub

Cəmiyyət Materials 17 Aprel 2013 17:29 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin sədri Sərdar Özgüldürün başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.
Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin nümayəndə heyəti Ali Məhkəmədə olub

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda səfərdə olan Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin sədri Sərdar Özgüldürün başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmərindən Trend-ə verilən məlumata görə, görüşdə Ali Məhkəmənin sədri Azərbaycanla Türkiyənin məhkəmə hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini vurğulayıb.

Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat verib. O bildirib ki, beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ Ali Məhkəmədə tətbiq olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.

Rzayev Azərbaycanla zəngin hüquq ənənələrinə malik qardaş Türkiyənin məhkəmə hüquq sistemləri arasında işgüzar əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib, bu səfərin hər iki ölkənin məhkəmə sistemləri arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Sərdar Özgüldür isə Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin fəaliyyət dairəsi barədə məlumat verib. Özgüldür iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti