Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir S.Əhmədova/
YUNESKO-nun baş direktoru İrina Bokova bu vəzifəyə ikinci dəfə seçiləndən sonra Trend-in suallarını cavablandırıb
- YUNESKO və Azərbaycan arasında mövcud və potensial əməkdaşlığı necə qiymətləndirirsiniz?
- YUNESKO və Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir. Bu əməkdaşlığı 2004-cü ilin sentyabrında folklor və musiqi ənənələrinə dəstək verdiyinə görə xoşməramlı səfir təyin edilmiş Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təcəssüm etdirir. Onun xeyirxah işləri, güclü dəstəyi və fəal iştirakı sayəsində YUNESKO və Azərbaycan tərəfdaşlıqlarını daha da möhkəmləndirə bildilər. Biz bir sıra prioritet istiqamətlər üzrə əməkdaşlığımızın möhkəmləndirilməsinə sadiqik.
Məsələn, biz İnformasiya Texnologiyaları İnstitutu çərçivəsində təhsildə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadənin qiymətləndirilməsi üzrə əməkdaşlıq daxil olmaqla təhsil layihələri sahəsində əməkdaşlıq edirik. Mən bilirəm ki, bu, mövcud istiqamətdə Azərbaycanın milli strategiyası ilə əlaqədardır.
Biz YUNESKO-nun əsas ideyasını gənc oğlan və qızlara çatdırmağa kömək etmək üçün təşkilatın qlobal məktəb şəbəkəsinin bir hissəsi olan Azərbaycanın 19 tərəfdaş məktəbi vasitəsilə birgə işləyirik.
Biz, həmçinin Azərbaycanın elm, texnologiyalar, innovasiyalara münasibətdə strategiya və siyasətinə yenidən baxılması üzrə birgə çalışırıq. Məqsəd Azərbaycan hökumətinə siyasətin bu strateji sahəsində yeni yol xəritəsinin tərtib edilməsində kömək etməkdir.
Bundan başqa, biz idman sahəsində sıx əməkdaşlıq edirdik. Azərbaycan idman və bədən tərbiyəsi sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə başlıca dəstək göstərib.
Mədəniyyət əməkdaşlığımızın flaqmanıdır. Azərbaycanda YUNESKO-nun Dünya İrsinin 2 obyekti yerləşir. Azərbaycan 2003-cü ildə yaradılan bu irsin üzvüdür. YUNESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva mədəni irsin irəliləməsində yol göstərən ulduzdur. Azərbaycanın muğam, aşıq sənəti, Novruz bayramı, ənənəvi xalçaçılıq sənəti və tarda ifaçılıq sənəti daxil olmaqla bir çox mədəni və incəsənət ənənələrinin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salınması məni sevindirir.
- Bu ilin iyul ayında Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə çərçivə sazişi imzalandı. Sözügedən saziş çərçivəsində hansı işlər həyata keçiriləcək?
- Birinci xanımın iştirakı ilə iyul ayında Parisdə mədəniyyət naziri ilə birgə bu sazişi imzalamaq mənim üçün fəxr idi. Bu, Azərbaycanın beynəlxalq əməkdaşlığa və sabit inkişafın irəliləməsinə dərin sadiqliyinin daha bir təsdiqidir.
Cari ilin may ayında Azərbaycana ikinci dəfə rəsmi səfər etdim. Bu səfər sayəsində Azərbaycan və YUNESKO arasında hazırkı əməkdaşlığı müzakirə etmək və gələcək tərəfdaşlığımıza forma vermək üçün Zati-aliləri Prezident İlham Əliyev və yüksəkvəzifəli dövlət məmurları ilə görüşmək şərəfinə nail oldum.
Mən Azərbaycanın YUNESKO-nun idealları qarşısında və ölkə rəhbərliyinin ümumi məqsədlərimizin irəliləməsində aktiv öhdəliyindən dərindən təsirlənmişəm. Çərçivə sazişi Azərbaycanın YUNESKO ilə əməkdaşlığını möhkəmləndirmək barədə güclü istəyini aydın ifadə edir və təhsil, elm, mədəniyyət və kommunikasiyalar sahələrində fəaliyyətimizə dəstək verilməsində təşkilata əlavə maliyyələşdirmə təqdim edəcək.
Biz bu ruhda investisiya fondu haqqında saziş hazırladıq. Azərbaycan sazişdə 5 milyon dolları səxavətlə ayırmağa razı oldu. Bu töhfə qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində YUNESKO-nun işini möhkəmləndirəcək.
Bu, həmçinin hökumətin yaxın illər ərzində YUNESKO üçün köməkçi ekspert təyin etmək qərarında əksini tapıb.
- Azərbaycan və YUNESKO əməkdaşlığın 20 illiyini qeyd etdilər. Bu illər ərzində YUNESKO Azərbaycana nə kimi töhfələr verib?
- Azərbaycanın YUNESKO-da üzvlüyü ölkə cəmiyyətinə və beynəlxalq ictimaiyyətə mütəmadi fayda verir. Bu üzvlük minillik Azərbaycan mədəniyyətinin bütün dünyada genişləndirilməsinə kömək etdi.
Bu üzvlük Azərbaycanın bir sıra siyasi sahələrdə qəbul etdiyi rəhbərliyə, daha doğrusu, "Bakı prosesi" vasitəsi ilə mədəniyyətlərarası dialoqun inkişafında Prezident İlham Əliyevin rəhbərliyinə işıq saçdı. YUNESKO Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində Azərbaycanla əməkdaşlıq edir.
Azərbaycan Muğamının qorunması üzrə Milli fəaliyyət planının həyata keçirilməsində əməkdaşlığımız vacib nəticələr verdi.
Əməkdaşlığımız, həmçinin Azərbaycanın Dünya irsi obyektlərinin - İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan Dövlət Tarix və Bədii Qoruğunun qorunmasını əhatə edir. Elm, texnologiyalar və innovasiyalar sahəsində əməkdaşlığımız uzun müddət daha məzmunlu və sabit inkişaf üçün xeyli dividendlər verəcək.
YUNESKO-nun Parisdəki mənzil-qərargahı tez-tez Azərbaycanın mədəni irsini və naliyyətlərini nümayiş etdirir.
Bizə 2012 və 2013-cü illərdə şairə, rəssam və xəttat Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyinə və Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının 100 illiyinə həsr edilmiş mədəni tədbirlər keçirmək imtiyazı verilib. Azərbaycan bu ay YUNESKO-nun XV əsrin filosof və şairi Seyid Yəhya Bakuviyə həsr edilmiş tədbir keçirməyi planlaşdırır. Bununla əlaqədar, Azərbaycanın Parisdə YUNESKO-dakı Parlament nümayəndə heyətinin, həmçinin ikitərəfli əməkdaşlığımızda Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının oynadıqları aktiv rolu qeyd etmək istərdim.
- Hazırda Azərbaycan və YUNESKO arasında hansı layihələr həyata keçirilir?
- Bizim yeni çərçivə sazişimiz geniş sahələri əhatə edir. YUNESKO və Azərbaycan həmin sahələrdə əməkdaşlığı möhkəmləndirəcəklər. Sazişə "Qeyri-maddi mədəni irs", "Hamı üçün təhsil (EFA)", "Qızlar üçün təhsil", "Elm və innovasiya texnologiyaları", "Suyun qorunması" və "Təbii fəlakətlərə hazırlıq və onların fəsadlarının azaldılması" kimi bəndlər daxildir, lakin sənəd təkcə bu bəndlərlə məhdudlaşmır. Hazırda sazişi həyata keçirmək və onun hərtərəfli gerçəkləşdirilməsi üçün sizin hakimiyyətlə sıx işləyirik.
Mən Azərbaycanın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin VIII sessiyasının 2013-cü il dekabrın əvvəlində Bakıda keçirilməsi baradə təklifinə görə ölkəyə dərin minnətdəram. Təşkilatın adından danışarkən, bu vacib hadisəyə münasibətdə dəstək və səxavətinə görə ölkə hökumətinə təşəkkür etmək istərdim.
- Dekabrın 2-7-də Bakıda keçiriləcək YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 8-ci sessiyası hansı töhfələr verə bilər?
- Hökumətlərarası komitənin 24 üzvü Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın qlobal reallaşdırılması ilə bağlı bir sıra məsələləri müzakirə etmək üçün hər il görüş keçirir.
Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin rəhbərliyi altında komitənin 8-ci sessiyası Konvensiyanın bu il 10 illiyi fonunda xüsusi əhəmiyyət kəsb edir.
Komitə öz cari öhdəliklərini yerinə yetirəcək: qeyri-maddi mədəni irsin mühafizəyə ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına və ya bəşəriyyətin qeyri-maddi mədəni irsinin mötəbər siyahısına salınması, ən yaxşı mühafizə praktikasının seçimi, mühafizə tədbirləri görmək və iştirakçı dövlətlərin milli səviyyədə Konvensiyanı həyata keçirmək məsələsi üzrə təqdim etdikləri məruzələrin baxılması üçün müəyyən dövlətlərə maliyyə yardımının təqdim edilməsi.
Komitə bu sessiyada, həmçinin cari il həyata keçirilən Konvensiyanın təsirinin daxili qiymətləndirilməsinin nəticələrini müzakirə edəcək. Qiymətləndirmə müzakirə üçün açıq olacaq bir sıra aktual, məsələn, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin siyasətin, qanunvericiliyin, sabit inkişaf planlarının hazırlanmasında iştirakını necə artırmaq, həmçinin qeyri-maddi mədəni irsin qeyri-mədəni qanunvericiliyə, inkişaf siyasətinə və bütün digər işlərə inteqrasiyası üçün davamlı inkişaf ekspertləri ilə əməkdaşlığı necə genişləndirmək kimi mövzulara aiddir.
Qiymətləndirmə təcili mühafizəyə ehtiyacı olan qeyri-maddi mədəni irsin siyahısının iştirakçı dövlətlərin Konvensiyanın təhükəsizliyinə və həyata keçirilməsinə sadiqliyini ifadə etmək, həmçinin mötəbər siyahının məqsədləri və istifadəsi haqqında yanlış təsəvvürlərin izahı qismində onun yenidən yerləşdirilməsi yolu ilə genişləndirilməsini tövsiyə edir.
500 nəfərin iştirak edəcəyi bu sessiya "Qeyri-maddi mədəni irs və davamlı inkişaf" adı altında rəqəmsal sərgi daxil olmaqla bir sıra paralel tədbirləri əhatə edəcək.