Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlhamə İsabalayeva/
Bu günədək paytaxtda yerləşən bütün mehmanxanaların 95 faizi lisenziyalaşdırılıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev I Avropa Oyunlarına hazırlıq məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verərkən deyib.
Nazirin sözlərinə görə, lisenziyalaşdırılmayan hotellər Bakının bir qədər ucqar ərazilərində yerləşən və kiçik yerləşdirmə obyektləridir: "Hazırda onların lisenziyalaşdırılması istiqamətində işlər aparılır. Amma mərkəzi hissədə turistləri qəbul etməyə hazır olan bütün hotellər lisenziyalaşdırılıb. Müəyyən çətinliklərin aradan qaldırılması üçün hotellərə tövsiyələr də verilib. Bələdçi xidmətlərinin, servis xidmətlərinin daha keyfiyyətli təşkili üçün xüsusi kurslar keçirilib. Şəbəkə hotelləri özləri də bunu edərək bizimlə əməkdaşlıq edirlər. Düşünürəm ki, bütün hotellər təhlükəsizlik baxımından öz nəzarətlərini gücləndiriblər".
Ә.Qarayev deyib ki, I Avropa Oyunlarına gələn qonaqları zəngin mədəniyyət proqramı gözləyir: "Bakının bütün teatrlarında, muzeylərdə, konsert mərkəzlərində xüsusi tədbirlər həyata keçirilib. Oyunların keçiriləcəyi müddət üçün həmin obyektlərdə uzadılmış iş rejimi tətbiq olunacaq. Biz çalışırıq ki, Azərbaycana gələn həm idmancılar, həm qonaqlar ölkənin çeşidli mədəniyyətinin zənginliyi ilə tanış olsunlar. Bundan əlavə, beynəlxalq miqyasda tanınan bir necə musiqiçi Azərbaycana təşrif buyuracaq, burada onların konsertləri təşkil olunacaq".