...

Göyçayda Regional Peşə Tədris Mərkəzi yenidən qurularaq istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2015 17:29 (UTC +04:00)
Səlim Müslümov: Yeni mərkəz il ərzində 6 rayon üzrə 800 nəfərədək vətəndaşın peşə hazırlığı və əlavə təhsilə cəlb edilməsinə imkan verəcək.
Göyçayda Regional Peşə Tədris Mərkəzi yenidən qurularaq istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göyçay rayonunda Regional Peşə Tədris Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əmək ehtiyatlarından məqsədyönlü istifadə edilməklə əhalinin səmərəli məşğulluğunun təmin olunmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb.

Nazir bildirib ki, bu məqsədə nail olunması üçün həyata keçirilən tədbirlərin bir istiqaməti də işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsinə, beləliklə də onun əmək bazarına çıxış imkanlarının artırılmasına, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun təmin edilməsinə yönəlib: "Son illərdə beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən meyarlar əsasında peşə və kvalifikasiya standartları hazırlanaraq işəgötürənlərin istifadəsinə verilir. Bununla yanaşı, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığının təmin olunması diqqətdə saxlanılır və əmək bazarının tələblərinə uyğun olaraq 70-dən çox müxtəlif peşə üzrə ənənəvi peşə təlimi metodları və həmçinin modul tədris üsulu əsasında peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunur. Nazirlik ötən il 3786 nəfər, cari ilin yanvar-oktyabr aylarında isə 3493 nəfər işaxtaran vətəndaşın bu kurslara cəlb olunmasını təmin edib".

S.Müslümov qeyd edib ki, peşə hazırlığı işinin maddi-texniki bazasının gücləndirilməsi bu gün nazirliyin fəaliyyətində mühüm yer tutur: "Bununla əlaqədar Dünya Bankı ilə birgə icra olunan "Sosial Müdafiənin İnkişafı" layihəsi çərçivəsində son vaxtlarda nazirliyin Bakı şəhərindəki Regional Peşə Tədris Mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Burada əlavə sinif otaqları və emalatxana yaradılıb, ümumilikdə mərkəzdə ayrı-ayrı peşələrin təlimi üçün sinif otaqları və emalatxanaların sayı 23-ə çatdırılıb, mərkəz ayrı-ayrı peşələrin təlimi üçün lazımi texniki və tədris vəsaitləri ilə də təmin olunub. Bu istiqamətdə işlər Göyçay rayonundakı Regional Peşə Tədris Mərkəzində də davam etdirilib".

Nazir bildirib ki, layihə çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparılmış Göyçay Regional Peşə Tədris Mərkəzi hazırda 43 otaqdan ibarətdir ki, onlardan 17-si emalatxana və sinif otaqlarıdır. Burada rayon Məşğulluq Mərkəzi üçün inzibati otaqlar, digər rayonlardan peşə təliminə cəlb olunmuş şəxslər üçün yataq otaqları və s. var: "Göyçay Regional Peşə Tədris Mərkəzi ümumilikdə 522 min nəfərdən çox əhalisi olan 6 rayon, yəni Göyçay, Ucar, Zərdab, Ağdaş, Ağsu və İsmayıllı rayonları üzrə hər il 800 nəfərədək işaxtaranı müvafiq peşələr, o cümlədən avtomobillərin təmiri üzrə çilingər, qaynaqçı, xalçaçı, bərbər, plastik məmulatlardan yığıcı çilingər, çörəkçi, qənnadçı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb etməyə imkan verəcək. Bu isə bölgədə işaxtaran şəxslərin yeni peşə bacarıqlarına yiyələnməklə əmək bazarına daha asan daxil olmalarında, əmək bazarında tələb və təklifin uyğunlaşdırılmasında öz müsbət rolunu oynayacaq".

Hazırda Gəncə şəhərində də müasir tipli Regional Peşə Tədris Mərkəzinin yaradıldığını diqqətə çatdıran S.Müslümov mərkəzin Gəncə şəhərinin və ətraf rayonların işsiz və işaxtaran sakinlərinin peşə hazırlığının təşkilinə xidmət göstərəcəyini bildirib: "Həmin mərkəzdə yaradılan maddi-texniki baza əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkilinə imkan verəcək. Eyni zamanda burada da müxtəlif peşələr üzrə lazımi texniki və tədris vəsaitləri ilə təmin olunmuş sinif otaqları, emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və s. yaradılır. Mərkəzdə peşə təliminin daha müasir üsulla həyata keçirilməsi, kurslara cəlb olunanların yeni peşələrə daha tez yiyələnmələri üçün modul təlim texnologiyalarından geniş istifadə təmin ediləcək".

Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Lesçenko işaxtaran vətəndaşların məşğulluq imkanlarına malik olmaları üçün onların əmək potensialının keyfiyyətcə yüksəldilməsinin vacib şərtlərdən olduğunu qeyd edib. O, bununla bağlı olaraq ölkəmizdə əmək bazarının tələbləri əsasında peşə təlimi sisteminin təkmilləşdirilməsi yönündə aparılan işlərin təqdirəlayiq olduğunu və "Sosial Müdafiənin İnkişafı" layihəsinin bu işlərə dəstək verməkdə davam edəcəyini vurğulayıb.

Daha sonra tədbir iştirakçıları tərəfindən Regional Peşə Tədris Mərkəzində peşə hazırlığının səmərəli təşkili üçün yaradılmış şərait, sinif otaqları və emalatxana, tədris ləvazimatları, peşə təlimi prosesi nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti