...

Ağsaqqallar Şurası 2015-ci ilin yekunlarına dair iclas keçirib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2016 13:12 (UTC +04:00)
Bu gün Respublika Ağsaqqalar Şurasının 2015-ci ilin yekunlarına dair iclası keçirilib.
Ağsaqqallar Şurası 2015-ci ilin yekunlarına dair iclas keçirib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Respublika Ağsaqqalar Şurasının 2015-ci ilin yekunlarına dair iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və Şuranın üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağsaqqalar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ötən il Azərbaycanın əldə etdiyi uğurlardan danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən il həm siyasi, həm də iqtisadi uğurlar əldə edib.

F.Heydərov qeyd edib ki, neftin qiymətlərinin aşağı düşməsi və dünyada baş verən böhran Azərbaycanın inkişafına mane ola bilmədi.

F.Heydərov bildirib ki, Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr və onların təsiri altına düşən insanlar ölkəmizdə sabitliyi pozmağa cəhd edirlər: "Lakin dövlətimizin çevik və düşünülmüş tədbirləri nəticəsində bütün bu cəhdlərin qarşısı alınır".

Daha sonra Şuranın 2015-ci ildə fəaliyyətinə dair hesabat dinlənilib.

Tədbirdə çıxış edən Şuranın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, dünyada münaqişələr, böhranlar olduğu bir vaxtda Azərbaycanın sabitlik, əminamanlıq içində olması hər kəsi məmnun edir: "Müəyyən gərginliklər olur, ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bunun öhdəsindən layiqincə gəlinir. Bizim dövlətə paxıllıq edən çoxdur ki, Qafqazda Azərbaycan belə inkişaf edir".

İclasda çıxış edən Şuranın digər üzvləri də Şuranın fəaliyyəti, qarşısında duran vəzifələr barədə danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti