...

Sosial müavinətlər və müharibə əlillərinə Prezident təqaüdlərinin artırılması fərmanları 489 000-ə yaxın şəxsi əhatə edir

Cəmiyyət Materials 21 Yanvar 2016 10:43 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidentinin sosial müavinətlərin və müharibə əlillərinə Prezident təqaüdlərinin artırılması barədə Fərmanları 489 000-ə yaxın şəxsi əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hər iki Fərmanın şamil olunduğu vətəndaşların 62 046 nəfəri Qarabağ müharibəsi əlilləri və veteranlarıdır.

Dünyada kəskin xarakter alan böhran prosesləri səbəbindən ölkəmizdə manatın məzənnəsinin devalvasiyaya uğramasının mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə Azərbaycanda həyata keçirilən çevik və məqsədyönlü islahatlar kursu ilk növbədə əhalinin dövlət tərəfindən etibarlı sosial müdafiəsinin təmin edilməsinə yönəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı bu günlərdə keçirilən müşavirədə də mövcud iqtisadi şəraitdə ilk növbədə insanların sosial müdafiəsi məsələlərinin daim diqqətdə saxlanılmasının vacibliyini bir daha bəyan edib.

Dövlət başçısı tərəfindən bu məqsədlə son bir neçə gündə ardıcıl olaraq sosial müdafiə xarakterli fərman və sərəncamlar imzalanaraq, ölkədə əmək pensiyaçılarına, məcburi köçkünlərə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə dövlət tərəfindən ödənilən sosial ödənişlərin, habelə ayrı-ayrı sahələrdə çalışan işçilərin əmək haqlarının artırılması təmin olunub.

Bu istiqamətdə növbəti addımlar kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yanvarın 19-da sosial müavinətlərin və müharibə əlillərinə Prezident təqaüdlərinin artırılmasını nəzərdə tutan daha iki Fərman imzalanıb.

Azərbaycan Respublikası Prezidentinin "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 19 yanvar 2016-cı il tarixli Fərmanı müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin daim diqqət mərkəzində olduğunu göstərir. Fərmanda müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılmaqla, bu təbəqədən olan I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat, III qrup əlillər üçün 110 manat müəyyən edilib.

Fərman müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 19 000 nəfərdən çox vətəndaşa şamil olunacaq. Onlardan 12 616 nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək.

Son iki ildə artıq ikinci dəfədir ki, müharibə əlillərinə, o cümlədən Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdü artırılır. 2014-cü ilin əvvəli ilə müqayisədə həmin təqaüdlərin orta aylıq məbləğində 61 faizdən çox artım özünü göstərib.

Dövlət başçısının "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" 19 yanvar 2016-cı il tarixli Fərmanı isə əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə tutur. Sənədin ölkədə dövlət tərəfindən sosial müavinətlə təmin olunan ümumilikdə 453 000 min nəfərədək şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Həmin insanlardan 49 430 nəfəri Qarabağ müharibəsi veteranları, 138 864 nəfəri əlilliyə görə, 13 852 nəfəri yaşa görə, 41 007 nəfəri ailə başçısını itirməyə görə sosial müavinət alanlar, qalanları isə qanunvericilikdə nəzərdə tutulan digər müvafiq təbəqələrdən olanlardır. Bu artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25, 0 milyon manat vəsaitin ayrılması təmin olunacaq.

Qeyd edək ki, hər iki Fərmanla müharibə əlillərinə (o cümlədən Qarabağ müharibəsi əlillərinə) həm Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, həm də əmək pensiyası almaq hüquqları olmadığı halda əlilliyə görə aldıqları aylıq sosial müavinətin məbləği artırılır. Bu Fərmanların əhatə etdiyi vətəndaşların 62 046 nəfəri məhz Qarabağ müharibəsi əlilləri və veteranlarından ibarətdir.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" bəyanatının daha bir əməli təsdiqi və ölkədə sosial-iqtisadi inkişafın davam etdirilməsi məqsədilə aparılan işlərin ilk növbədə əhalinin sosial müdafiəsinə xidmət etdiyinin real təzahürüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti