...

Azərbaycan məktəblərində diabetli uşaqlara xüsusi nəzarət ediləcək

Cəmiyyət Materials 5 Fevral 2016 10:23 (UTC +04:00)
Azərbaycanda şəkərli diabetə düçar olmuş bütün uşaq və gənclər təhsil aldıqları bütün təhsil müəssisələrində tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarət təşkil ediləcək.
Azərbaycan məktəblərində diabetli uşaqlara xüsusi nəzarət ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda şəkərli diabetə düçar olmuş bütün uşaq və gənclərə təhsil aldıqları bütün təhsil müəssisələrində tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarət təşkil ediləcək.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı"nda təsdiq edilib.

Proqrama əsasən, şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələri təşkil ediləcək, onlar tibb işçiləri və tibbi ləvazimatlarla təmin ediləcək.

Şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. Bu xəstələrin dərman preparatları və özünənəzarət vasitələri ilə təmin olunmasının monitorinqinin həyata keçirilməsi məqsədi ilə kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabet xəstəliyinin və onun fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin genişləndirilməsi, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi planlaşdırılır.

Şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə endokrinoloji yardım göstərən tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq və reaktivlərlə təmin edilməsi, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartının müəyyən edilməsi də nəzərdə tutulan tədbirlər sırasınaddır.

Qeyd edək ki, şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı son 10 (on) il ərzində 3 dəfədən çox artmış, bu xəstəlik səbəbindən ölüm səviyyəsi 2 dəfədən çox enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti