...

Milli Mətbuat - 141: İlk jurnalist etikası, jurnalist peşəkarlığı nümayiş etdirən qəzet

Cəmiyyət Materials 19 İyul 2016 15:12 (UTC +04:00)
141 il əvvəl bir təbiətşünas alimin “Əkinçi” qəzetini nəşr etməsi ilə Azərbaycanda milli mətbuatın əsası qoyuldu.
Milli Mətbuat - 141: İlk jurnalist etikası, jurnalist peşəkarlığı nümayiş etdirən qəzet

Bakı. Trend:

141 il əvvəl bir təbiətşünas alimin “Əkinçi” qəzetini nəşr etməsi ilə Azərbaycanda milli mətbuatın əsası qoyuldu. İlk baxışda hər şey təcrübəsiz görünürdü, amma illər keçdikcə bu ilk qəzetin əsl jurnalistika məktəbi olduğu ortaya çıxdı. Elə ilk jurnalist etikası, jurnalist peşəkarlığı nümayiş etdirən, sosial yüklü yazıların getdiyi və ilk təbiətşünas alimdən ilk jurnalistə çevrilmiş Həsən bəy Zərdabinin dediyi kimi, “xalqının güzgüsü” olduğunu nümayiş etdirmiş qəzet “Əkinçi” idi. Müstəmləkə olmaq, siyasi və ideoloji asılılıq, senzura və digər fəlakətlər dəryası içində Azərbaycanda gizli və üstüörtülü yolla da olsa, olub-bitənləri çatdırmağın 141-ci ilini qeyd edirik.

İllər keçdikcə yeni-yeni qəzetlər nəşr edildi. “Əkinçi”nin başladığı yol davam etdirildi, 1920-ci ildə informasiya agentliyi, 1926-cı ildə radio, 1956-cı ildə isə televiziya fəaliyyətə başlayaraq müasir KİV sistemi yarandı.

Unutmaq olmaz ki, dünyanın hər bir yerində jurnalistika ən məsuliyyətli, ən ciddi, ən peşəkar olması gərəkən sahə sayılır.

Azərbaycan mətbuatının təhlilinə dair bir çox tədqiqatlar aparılıb. Mətbuatşünaslığın elə mətbuatın yarandığı dövrdən başladığını nəzərə alsaq, milli mətbuatın 50 illiyi ilə bağlı Əlimərdan bəy Topçubaşovun “Azərbaycanın mayakı” məqaləsi, Firudin bəy Köçərlinin “Azərbaycan dövri mətbuatının qısa icmalı”, Çar Rusiyası dövründə Qafqazın ilk və son müsəlman senzoru olmuş Mirzə Şərif Mirzəyevin “Qafqazda türk mətbuatı tarixi üçün materiallar”ından müasir tədqiqat və təhlillərə kimi bu, davam edir.

Bəs bu gün? 141 il sonra milli mətbuatın vəziyyəti necədir? Uğurlarla bərabər, qüsurlarla da dolu bir jurnalistika, ciddi təhlillər, araşdırmalardan publikaya oynayan xəbərlərlə dolu bir mətbuat. Ciddi, maarifləndirici tədqiqatlardansa ucuz xəbərlərə qaçan jurnalistlər və jurnalistika həmin ucuz xəbərlərdən imtina etsə, cəmiyyətin “tələb etdiyi” şouları da unutdurar, ümumi intellekt səviyyəsinin yüksəldilməsində az da olsa, rol oynayar. Elə 141 il əvvəlki mətbuat da, 141 il əvvəlki jurnalist də bunu demirdimi?

Xülasə, işində peşəkar olan, peşəkar olmağa can atıb üzərində çalışan, ciddi jurnalistlərin bayramı mübarək olsun! Ondan da əvvəl peşəkar və ciddi jurnalistikanın bayramı mübarək olsun!

Ondan daha da əvvəl isə 141 yaşlı milli mətbuatın MİLLİ MƏTBUAT GÜNÜ mübarək olsun!

Nurlan Ağa
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti