Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalan məşhur özbək tədqiqatçısı Şuxrat Salamovla (Barlas) bağlı bəyanat qəbul edib.
İnstitutdan Trend-ə verilən məlumata görə, bəyanatda deyilir ki, Ş.Salamov millətlərarası nifrəti qızışdırmır, çünki o, erməni etnosu ilə “erməni faşizmi” və “erməni terrorizmi” anlayışlarını bərabərləşdirmir.
Qəbul olunmuş bu bəyanatın Özbəkistan Respublikasının müvafiq dövlət və hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb.
Elmi Şuranın növbəti iclasında çıxış edən Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Ş.Salamova qarşı kampaniya başlayıb.
Y.Mahmudov qeyd edib ki, Ş.Salamova qarşı millətlərarası nifaqın qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb:
“Bu, yolverilməzdir, çünki özbək alimi öz əsərlərində erməni faşizmi tərəfindən Azərbaycan, Şərqi Anadolu, Mərkəzi Asiya və digər bölgələrdə türk-müsəlman xalqlarına qarşı törədilmiş soyqırımlarını tədqiq etmişdir. Tarixi həqiqətləri işıqlandıran Şuxrat Salamovu millətlərarası nifaqın qızışdırılmasında günahlandırmaq faşizmə, soyqırımları törədən qüvvələrə haqq qazandırmaq, onları müdafiə etmək deməkdir”.
Qeyd edək ki, Şuxrat Salamov Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəxri doktorudur.